Ayxan Abbasov: "Futbolçularımız ölkənin ən yaxşılarıdır"
08.06.2026 - 22:19
Ayxan Abbasov: "Futbolçularımız ölkənin ən yaxşılarıdır"

“Hər şey plan üzrə gedir. Geniş heyətimiz var. Sadəcə, Rəhim Sadıxov və Elvin Bədəlov xəstələndikləri üçün məşqlərin bir hissəsini buraxdılar. Bu da planlarımızı bir qədər pozdu”.

Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində San Marino yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

“Təbii ki, hər iki matçda qalib gəlmək istəyirdik. Lakin bir yerdə olmaq, bu görüşləri keçirib hücumdakı problemlərimizi görmək vacib idi. Son məğlubiyyətə gəlincə, yaxşı oynamağımıza baxmayaraq nəticə bizi qane etmədi. Hücumları məntiqli sonluqla tamamlamaq lazımdır. Futbolçuların oyun praktikası ilə bağlı müəyyən problemləri var, lakin bu, bəhanə ola bilməz.

Öncəki oyunda komandamız tərəfindən yaxşı hücumlar və mübarizə gördük, sadəcə sonluq çatışmadı. Bununla bağlı təhlil zamanı komandaya iradlarımızı bildirdik. Onlar bu ölkənin ən yaxşılarıdır və imkan yaranırsa, mütləq qol vurmalıdırlar. Hücumları tamamlamaq üçün oyun praktikası çatışmadı. Əgər onlar millidə yaxşı oynamaq istəyirlərsə, klublarında 7-8 dəqiqə meydanda olmaqla kifayətlənməməlidirlər”, - baş məşqçi bildirib.

Abbasov heyətlə bağlı radikal dəyişikliklərə gedəcəklərini vurğulayıb: “Heyəti tamamilə dəyişəcəyik. Start heyətində Şahruddin Məhəmmədəliyev, Cəlal Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Rüfət Abbasov, Səbuhi Abdullazadə, Emin Mahmudov, Ayxan Hüseynov, Rüstəm Əhmədzadə və Renat Dadaşov meydana çıxacaq”.

Abbasov Abdulla Xaybulayev və Anton Krivotsyukun heyətdən kənarlaşdırılmasına münasibət bildirib: “Bu qərara mən özüm də pis olmuşam. Onlar yığmanın ən intizamlı futbolçularıdır. Başqası olsaydı, bəlkə də bu qədər üzülməzdim. Oyundan əvvəl məşqə birlikdə velosipedlə gedirdilər. Futbol emosional oyundur, lakin bəzi şeylər bağışlanmır. Komandada yaxşı ab-havamız var. Bu qərar yalnız hazırkı toplanışa aiddir”.

Baş məşqçi qələbəyə inandıqlarını deyib: “Buna inanıram. Futbolçular da inanırlar. Bizə qələbə lazımdır. Biz bu komanda ilə inkişaf etmək istəyirik”.

Millimiz San Marino ilə sabah qarşılaşacaq. Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.