Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsində yer aldığı səbət müəyyənləşib.
Apasport.az xəbər verir ki, 2028-ci ildə təşkil olunacaq mundialın Avropa zonası üzrə əsas mərhələsinin püşkatması üçün səbətlərin tərkibi açıqlanıb.
Püşkatmada 36 komanda hər birində 12 yığma olmaqla 3 səbətə bölünüb. Reqlamentə əsasən, hər qrupda 3 komanda yer alacaq və kollektivlər ev-səfər prinsipi ilə qarşılaşacaqlar.
Mərhələdə 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 ikinci yerin sahibi elit raunda birbaşa vəsiqə qazanacaq. Qalan 8 qrup ikincisi isə pley-off qarşılaşmalarında iştirak edəcək və bu raundda qalib gələn 4 yığma elit mərhələyə vəsiqə əldə edəcək.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu Azərbaycan millisi püşkatma zamanı 2-ci səbətdə yer alacaq. Bu mərhələdə ölkə təmsilçisinin rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova və Almaniya yığmaları olmayacaq.
1-ci səbət: Portuqaliya, İspaniya, Qazaxıstan, Ukrayna, Fransa, Xorvatiya, İtaliya, Ermənistan, Sloveniya, Çexiya, Polşa, Niderland.
2-ci səbət: Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya, Azərbaycan.
3-cü səbət: Latviya, İsveç, Şimali Makedoniya, Kosovo, Andorra, Monteneqro, Norveç, Litva, Danimarka, Albaniya, Estoniya, Şimali İrlandiya.
Əsas mərhələnin qrup oyunları 12-21 oktyabr 2026-cı il, 2-11 noyabr 2026-cı il, 6-9 dekabr 2026-cı il və 22 fevral - 3 mart 2027-ci il tarixlərində keçiriləcək. Bu mərhələnin pley-off oyunlarının püşkatması 3 mart 2027-ci ildə, qarşılaşmalar isə 12-21 aprel 2027-ci ildə təşkil olunacaq.
Elit raundun qrup mərhələsinin püşkatma mərasimi isə 20 may 2027-ci ildə, oyunları isə 6-15 sentyabr 2027-ci il, 11-20 oktyabr 2027-ci il və 13-22 dekabr 2027-ci il tarixlərində baş tutacaq. Elit raundun pley-off mərhələsinin püşkü 20 yanvar 2028-ci ildə atılacaq, oyunlar isə 10-19 aprel 2028-ci ildə reallaşacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına görə, 1-ci səbətdə qərarlaşan komandalardan Ermənistan yığması Azərbaycan millisi ilə eyni qrupda mübarizə apara bilməz. Rusiya seçməsinə tətbiq edilən sanksiya isə qüvvədə qalır.