İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm”
11.06.2026 - 11:25
İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm”

FIFA prezidenti Canni İnfantino ABŞ-ın 2026-cı il dünya çempionatının ev sahiblərindən biri olmasından peşman olmadığını bildirib.

Apasport.az xəbər verir ki, qurum rəhbəri Meksika, ABŞ və Kanadanın birgə təşkil etdiyi turnirin açılış matçından əvvəl mətbuat nümayəndələri ilə görüşüb.

FIFA prezidenti turniri təşkil edən ölkələrdən birinin ABŞ olması ilə bağlı peşmanlıq duyub-duymadığına dair sualı cavablandırıb:

“Xeyr, heç nəyə görə peşman deyiləm. Son 30 ildə tədbirlər təşkil edirəm. Problemlərlə məşğul olmağa öyrəşmişəm. Problemlər var və bu böyüklükdə tədbir üçün bu, normaldır. Bəziləri ABŞ-dən, bəziləri Kanadadan, bəziləri isə Meksikadan qaynaqlanır. Hamısı ilə məşğul oluruq və eyni pozitiv ruhu qoruyuruq. Ümid edirik ki, hamısını həll edə biləcəyik”.

İnfantino FIFA-nın dəvətinə baxmayaraq, ABŞ-a buraxılmayan somalili hakim Omar Abdulkadir Artanın yaşadıqlarını “uğursuzluq” adlandırıb:

“Yenə deyirəm, hər şeyi biz idarə etmirik. Çalışırıq, müzakirə edəcəyik, danışacağıq, baxacağıq. Bəzən sakitləşmək, rahatlamaq yaxşıdır. Hər şey üzərində işləyirik, hər şeyi həll etməyə çalışırıq. Bəzən dərhal qışqırmağa və səs-küy salmağa başlamaq həll yolu tapmağın tam əksinə təsir göstərir”.

ABŞ-la viza problemi yaşayan və hazırlıq düşərgəsini Meksikaya köçürən İran millisi ilə bağlı danışan İnfantino bu məsələyə də münasibət bildirib:

“İranla bağlı çox xoşbəxtəm. İnsanlar İranın gələ bilməyəcəyini deyirdilər, mən isə onlara gələcəklərinə söz verdim. Əgər Tehrana avtobusla gedib onları bura özüm gətirməli olsam, bunu edəcəyimi dedim. Onların cavabı isə belə oldu: ‘Lazım olsa, avtobusa minib özümüz gələrik. Vəsiqə qazanmışıq və oynamaq istəyirik’. Futbolun ruhu budur”.

FIFA prezidenti mart ayında İran millisini ziyarət etdiyini də xatırladıb:

“Bu şərtlər altında İranın gəlib oynaya bilməsini başqa kimin təmin edə biləcəyini bilmirəm. İran oynayanda stadion dolu olacaq və ümid edirəm ki, müsbət atmosfer yaranacaq. Çünki futbol insanların öz reallıqlarını unudub bir oyuna və komandaya fokuslanması ilə bağlıdır”.

İnfantino yüksək bilet qiymətləri səbəbindən azarkeşlərin turnirdən kənarda qalması ilə bağlı tənqidlərə də cavab verib. O, Nyu-York meri Zohran Mamdaninin 50 dollardan 1000 bilet satışa çıxarmasına toxunub:

“Zohran Mamdanini təbrik edim. 50 dollardan 1000 bilet satışa çıxardı və çox müsbət geridönüş aldı. Biz isə 60 dollardan 130 min bilet satışa çıxardıq və eyni şeyi bacarmadıq. Yəqin ki, onun kommunikasiya komandası bizimkindən daha yaxşıdır. Bu təşəbbüsünə görə onu təbrik etmək istəyirəm. Əgər biletləri daha ucuz satsaydıq, qara bazara düşəcəkdi. O zaman pul futbola yox, qara bazar fəaliyyətini təşkil edənlərə gedəcəkdi”.