
Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatından əvvəl Azərbaycan cüdoçuları nüfuzlu Kodokan Kata Seminarında iştirak ediblər.
Apasport.az xəbər verir ki, Avropa Cüdo Birliyi və Kodokan Cüdo İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan seminarda məşğələlər “Nage-no-kata”, “Katame-no-kata”, “Kime-no-kata”, “Ju-no-kata”, “Kodokan Goshin-jutsu”, “Itsutsu-no-kata” və “Koshiki-no-kata” formaları üzrə keçirilib.
Təlimlərə Kodokan Cüdo İnstitutunun tanınmış yaponiyalı mütəxəssisləri Keniçi Şoşida və Yoşiharu Makaşi rəhbərlik ediblər.
Kodokan Kata Seminarı cüdo bacarıqlarının təkmilləşdirilməsi, texniki biliklərin dərinləşdirilməsi və klassik kata formalarının düzgün icrasına yönəlmiş mühüm inkişaf platformasıdır. Kata sahəsində dünya üzrə aparıcı təlim mərkəzi sayılan Kodokan Cüdo İnstitutu bu sahədə yüksək keyfiyyətli metodikalar təqdim edir.
Seminarın sonunda iştirakçılar üçün rəsmi imtahan da təşkil olunacaq.
Qeyd edək ki, 31 may – 1 iyun tarixlərində keçiriləcək kata üzrə Avropa çempionatında Azərbaycanı İsmayıl Rzayev, Samir İsmayılov, Rafiq Nəcəfov və Seymur Məcidli təmsil edəcəklər.