Dünya Çempionatı: Açılış oyunlarında ən böyükhesablı qələbələr
11.06.2026 - 15:35
Dünya Çempionatı:  Açılış oyunlarında ən böyükhesablı qələbələr

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

Apasport.az xəbər verir ki, mundialın açılış matçında meydan sahibi Meksika Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək.

Qarşılaşma Mexikodakı “Estadio Azteca”da keçiriləcək.

Bu stadion dünya çempionatları tarixində xüsusi yer tutur. Belə ki, arena daha əvvəl 1970 və 1986-cı illərdə mundialın final oyunlarına ev sahibliyi edib.

Dünya çempionatlarının açılış matçları tarixində böyükhesablı nəticələr də qeydə alınıb.

Ən böyük fərqli qələbə 1934-cü ildə gerçəkləşib. Həmin vaxt meydan sahibi İtaliya ABŞ millisini 7:1 hesabı ilə məğlub edib.

Açılış oyunlarında yadda qalan digər böyükhesablı nəticələrdən biri 2018-ci ildə qeydə alınıb. Rusiyada keçirilən mundialın ilk matçında meydan sahibləri Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə üstələyiblər.

1950-ci ildə Braziliya Meksikanı 4:0, 1930-cu ildə isə Fransa eyni rəqibi 4:1 hesabı ilə məğlub edib. İlk dünya çempionatında ABŞ da Belçikaya 3:0 hesabı ilə qalib gəlib.

Son mundialların açılış oyunları isə daha gərgin alınıb. 2022-ci ildə Ekvador Qətəri 2:0, 2014-cü ildə Braziliya Xorvatiyanı 3:1, 2010-cu ildə isə CAR və Meksika 1:1 hesablı heç-heçə edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.