Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"
13.06.2026 - 19:58
Şenol Günəşdən etiraf: "Deyirlər, get, nəvələrinlə oyna"

Türkiyəli baş məşqçi Şenol Günəş karyerası ilə bağlı maraqlı açıqlama verib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis gələcəyi ilə bağlı qərar verməkdə çətinlik çəkdiyini bildirib.

Günəş bəzən ona “məşqçiliyi burax, nəvələrinlə vaxt keçir” deyildiyini söyləyib:

“Deyirlər ki, ‘müəllim, məşqçiliyin daşını at, nəvələrinlə oyna’. Mən də ‘bunları düşünürəm’ deyirəm. Sonra da ‘sənin təcrübən, bilgin var, niyə hələ də hardasa çalışmırsan?’ deyirlər. Bunların hamısını düşünürəm, amma qərar verə bilmirəm”.

Şenol Günəş bu məsələdə süni intellektdən də məsləhət aldığını bildirib:

“Dedim, bunu bir də süni intellektdən soruşum. Çox şey danışdıq. Mənə dedi ki, ‘bu gün Türkiyə şərtlərinə görə çalışmağın doğru deyil. İşləmə, futbol elə vəziyyətə gəlib ki... Amma akademiyada hansısa vəzifə ola bilər’”.

73 yaşlı mütəxəssis akademiya ideyasına da toxunub:

“Akademiyalara baxdım, harada işləyim? Yaxşı bir klubda... İndi Türkiyədə bir klub var ki, investisiya qoysun, plan qursun, mən də orda işləyim? Belə klub varmı? Heç görmüsünüz? Mən görməmişəm”.

Qeyd edək ki, Şenol Günəş son olaraq “Trabzonspor”u çalışdırıb.