Azərbaycan cüdoçusu Dünya Kubokunda 5-ci yeri tutub
24.05.2008 - 10:34
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan cüdoçuları Rusiyanın paytaxtı Moskvada keçirilən super kateqoriyalı Dünya Kubokunun ilk günündə medal qazana bilməyiblər. “APA-Sport” agentliyinin məlumatına görə, 63 kq çəki dərəcəsində yarışan Kifayət Qasımova və Gözəl Zutova fəxri kürsüyə yüksəlməyi bacarmayıblar. G.Zutova ardıcıl iki görüşdə məğlub olaraq, mübarizəni erkən dayandırıb. Adətən 57 kq-da çıxış edən K.Qasımova isə çəki dərəcəsini dəyişməsinə baxmayaraq, bürünc medal qazanmağa yaxın olub. Debütdə braziliyalı Danielli Yuri Barbosanı üstələyən 25 yaşlı idmançımız daha sonra turnirin gələcək qalibi, fransalı Emmanuel Payeyə (Fransa) uduzub. Həmvətənimiz təsəlliverici mərhələdə daha iki qələbə sayəsində 3-cü yer uğrunda görüşə vəsiqə əldə edib. Ancaq o, İoulietta Boukouvala (Yunanıstan) ilə görüşdə məğlubiyyətlə üzləşib. Nəticədə Avropa çempionatının gümüş mükafatçısı K.Qasımova Superkubokda 5-ci yerlə kifayətlənib. Maraqlıdır ki, xanım cüdoçumuzun turnirdə keçirdiyi bütün görüşlərdə ippon fəndi qeydə alındığından həmin qarşılaşmaların hamısı vaxtından əvvəl başa çatıb. Bu gün kişi idmançılarımız mübarizəyə qoşulacaqlar. Tatami üzərinə milli komandamızın aparıcı üzvləri Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Mehman Əzizov (90 kq) və Mövlud Mirəliyev (100 kq) çıxacaqlar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0