Ağayar Axundzadə: “Cüdo ictimaiyyətində bəzi qüvvələr var idi ki, Pekinə bizim uğursuzluğumuzu görmək üçün getmişdilər”
27.08.2008 - 13:18
Ağayar Axundzadə: “Cüdo ictimaiyyətində bəzi qüvvələr var idi ki, Pekinə bizim uğursuzluğumuzu görmək üçün getmişdilər”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə deyib. Onun bildirdiyinə görə, XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmizə yeganə qızıl medalı qazandıran Elnur Məmmədli (73 kq) əsl cüdo döyüşü nümayiş etdirib: “Adi tamaşaçı da Elnurun çıxışından həzz alırdı. Yarışın keçirildiyi zalda olan əcnəbi məşqçi və mütəxəssislərin hamısı bizi təbrik etdi. Məmmədli keçirdiyi görüşlərin beşində də ippon fəndi işlədərək, vaxtından əvvəl qalib gəldi”. A. Axundzadə 100 kq çəki dərəcəsində bürünc medala layiq görülmüş Mövlud Mirəliyevin də çıxışına toxunub. 51 yaşlı mütəxəssis vurğulayıb ki, M. Mirəliyev 2004-cü il Afina Olimpiadasında öz səhvi nəticəsində əldən verdiyi medalı Pekində qaytarmaq şansına yiyələnib: “Mövludun medalının əyarı qızıl da ola bilərdi. O, yarımfinalda Monqolustan idmançısı Tuvşinbayar Naydanı üstələsəydi, finalda qazaxıstanlı Asxat Jitkeyevlə qarşılaşacaqdı. Belə olan halda Mövludun həlledici görüşdə də qələbə qazanacağı şübhə doğurmurdu. Çünki Mirəliyev Jitkeyevlə əvvəllər keçirdiyi görüşlərin hamısını öz xeyrinə başa vurub”. Əvvəlki olimpiadalarda qızıl medal qazanmış idmançılarımızdan heç biri indiyədək eyni uğuru təkrarlamağı bacarmayıb. A. Axundzadə deyib ki, E.Məmmədlinin 2012-ci il London Olimpiadasında mümkün uğursuzluqdan qaçması əsasən cüdoçunun özündən asılıdır: “Elnur gəncdir, onun cəmi 20 yaşı var. Növbəti olimpiadaya qədər çox şey baş verə bilər. Biz Elnurun gələcəkdə hansı çəki dərəcəsində çıxış edəcəyini hələ müəyyənləşdirməmişik. İstənilən halda, qarşıdakı yarışlarda idmançının fiziki durumu və hazırlıq səviyyəsi başlıca rol oynayacaq”. Cüdoçularımızın Pekin Olimpiadasından əliboş dönəcəkləri təqdirdə, A. Axundzadənin istefaya göndəriləcəyi bildirilirdi. Təcrübəli çalışdırıcı bildirib ki, belə söz-söhbətlər müxtəlif qüvvələrin vasitəsilə ilə yayılıb: “Mən konkret ad çəkmək istəmirəm. Cüdo ictimaiyyətində bəzi qüvvələr var idi ki, Pekinə bizim uğursuzluğumuzu görüb, baş məşqçi postuna öz namizədlərini irəli sürmək niyyəti ilə getmişdilər. Amma fikrimcə, onlar daha dörd il gözləməli olacaqlar. Çünki belələrinin planları pozuldu. Növbəti yay olimpiya oyunlarınadək normal işləyə bilərəm. Bunun üçün lazımi qüvvəm, enerjim də var. İndiki heyət üzvlərinin əksəriyyəti yığmada qalacaq. Onlara gənc cüdoçular da qoşulacaqlar və biz qarşıdakı olimpiadaya daha iddialı hazırlaşacağıq”. Pekin Olimpiadasına hazırlıq üçün yaradılan şəraitə görə müvafiq idman strukturlarına təşəkkürünü bildirən baş məşqçi uğurlu nəticənin qatıldıqları çoxsaylı təlim-məşq toplanışları və yarışların sayəsində mümkün olduğunu söyləyib: “Turnirlər və hazırlıq prosesi zamanı demək olar ki, evdə tapılmırdıq. “Siz bu təyyarədən düşüb, o birinə minirsiniz” - deyə bizə gülürdülər. Halbuki bunu Avropa Cüdo İttifaqının təqvimi tələb edirdi. Zəhmətimiz bəhrəsini verdi. Bizi anlayanlara, xüsusilə Milli Olimpiya Komitəsinin, Cüdo Federasiyasının, Gənclər və İdman Nazirliyinin rəhbərliyinə minnətdaram. Təəssüf ki, bizi başa düşməyənlər də var idi. Deyirdilər ki, xaricə çox gedirsiniz, bu qədər yarış və təlim-məşq toplanışı nəyə lazımdır, dopinq-testdən keçə bilməyəcəksiniz. Atalar sözü var: ayıdan qorxan, meşəyə getməz. Hazırlığımızı məhz bu prinsipə uyğun qurmuşduq və sonda istəyimizə çatdıq”.