Pekində XIII Yay Paralimpiya Oyunlarınının məşəli yandırılıb
28.08.2008 - 12:18
Pekində XIII Yay Paralimpiya Oyunlarınının məşəli yandırılıb
Pekin. Elşən Məmmədov – APA-Sport. Sentyabrın 6-da Çinin paytaxtı Pekində start götürəcək XIII Yay Paralimpiya Oyunlarınının məşəli yandırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Pekindəki Səma məbədində keçirilən təntənəli mərasimə Çinin Dövlət Şurasının başçısı Ven Çzyabao, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filipp Kraven və Pekin Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Lyu Tsi qatılıb. Dumanlı hava şəraiti təşkilatçıların məşəli təbii yolla yandırmasına mane olmayıb. Belə ki, mərasim zamanı günəş şüalarının təsir qüvvəsi paralimpiya məşəlini yandırmağa kifayət edib. Oyunlar başlananadək məşəl Çinin 11 əyaləti, muxtar vilayəti və mərkəzi şəhərlərini dolaşacaq. Qısa müddət ərzində daha çox insanın görə bilməsi üçün təşkilatçılar məşəli iki hissəyə bölüblər. Bunlardan birincisi “Çin mədəniyyəti” yolu ilə ölkənin qədim paytaxtları Sian və Nankin şəhərlərindən keçməklə yol qət edəcək. Digər məşəl isə müasir Çini özündə əks etdirən “Külək dəyişkənliyi” yolu ilə iqtisadi cəhətdən daha çox inkişaf etmiş Dalyan, Çindao, Şençjen, Quançjou və Şanxay şəhərlərindən keçəcək. Marşrutun ümumi uzunluğu 13 min kilometr olacaq. Məşəli 850 marafonçu daşıyacaq. Onların 1/5-i fiziki qüsurlu insanlar olacaqlar. Sentyabrın 5-də hər iki məşəl Pekinə gələrək, yenidən birləşdiriləcək. Ertəsi gün isə “Quş yuvası” stadionunda yay paralimpiya oyunlarının məşəli yandırılacaq. Sentyabrın 17-dək davam edəcək yarışda 148 ölkənin 4 mindən çox idmançısı mübarizə aparacaq. Azərbaycanı bu mötəbər yarışda cüdo, atletika, pauerliftinq və güllə atıcılığı növlərində 18 idmançı təmsil edəcək.