İsmayıl İsmayılov: “Nizami Paşayevin ayağında ağrılar olmasaydı, Pekin Olimpiadasında medal qazanacaqdı”
28.08.2008 - 15:05
Bakı. Elşən Məmmədov - APA-Sport. “Pekin Olimpiadasında idmançılarımızın çıxışından razı qaldım. Onların əksəriyyəti imkanlarından qat-qat yüksək səviyyədə çıxış etdilər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib. İ. İsmayılov bildirib ki, Çinin paytaxtı Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında çıxış edən 44 idmançımızdan 22-si ilk “8-liy”ə düşüb: “Biz 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanmaqla yanaşı, müxtəlif növlərdə indiyədək görünməmiş nəticələr əldə etdik. İlk dəfə bədii gimnastlarımız fərdi və qrup hərəkətlərində finala vəsiqə qazandılar. Beş ağırlıqqaldıranımızdan heç biri medal qazana bilməsə də, dördü ilk “10-luq”da qərarlaşdı. Nizami Paşayevin ayağında ağrılar olmasaydı, mükafatçılar sırasına düşəcəkdi”. Gənclər və İdman Nazirliyinin rəsmisi gözlənildiyindən aşağı çıxış edən təmsilçilərimizə əsasən “idman xoşbəxtliyi”nin mane olduğunu vurğulayıb. Onun fikrincə, uğursuzluğa bəxt amili və püşk də səbəb olub: “Samir Məmmədov ötən il dünya çempionatının bürünc medalını qazanmışdı. Amma olimpiadada 1/8 final mərhələsində mübarizəni dayandırdı. Çünki tailandlı rəqibi çox güclü idi. Təsadüfi deyil ki, rəqib sonda olimpiya çempionu oldu”. İ. İsmayılov bundan sonra ölkə idmanını inkişaf etdirmək üçün elmi metodlardan yararlanacaqlarını açıqlayıb. Bunun üçün bölgələrdə ayrı-ayrı idman növləri üzrə məktəblərin yaradılacağını, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində məşqçilik, Tibb Universitetinin nəzdində isə idman həkimliyi kurslarının təşkilinin nəzərdə tutulduğunu, məşqçilərimizin təcrübə keçmək məqsədilə xarici ölkələrə göndəriləcəyini, yığmalarımızın isə inkişaf etmiş ölkələrin təmsilçiləri ilə birgə müntəzəm təlim-məşq toplanışları keçirəcəyini bildirib. İ. İsmayılov görülən tədbirlər nəticəsində 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılarımızın sayının artacağına inamını ifadə edib: “Fikrimcə, bu dəfə lisenziya qazana bilmədiyimiz avarçəkmə, otüstü hokkey, voleybol, qılıncoynatma və digər növlərdə də London Olimpiadasına vəsiqə əldə edə biləcəyik. Növbəti olimpiadada təmsilçilərimizin sayının çoxalacağına və medallarımızın həm kəmiyyət, həm də keyfiyyətcə yüksək olacağına ümidvaram”.
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0