“Fənərbaxça” klubuna Çempionlar Liqasının qrup mərhələsində çətin rəqiblər qismət olub
29.08.2008 - 10:33
“Fənərbaxça” klubuna Çempionlar Liqasının qrup mərhələsində çətin rəqiblər qismət olub
Monako. Elşən Məmmədov – APA-Sport. Monakoda UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatma mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, püşk nəticəsində əsas mərhələnin 32 iştirakçısı 8 qrupa bölünüb. Qitənin ən nüfuzlu klub turnirində Türkiyənin yeganə təmsilçisi “Fənərbaxça”ya G qrupunda “Arsenal” (İngiltərə), “Portu” (Portuqaliya) və “Dinamo” (Kiyev, Ukrayna) rəqib olublar.
Püşkatma zamanı həm də ÇL-in 2007/08 mövsümündə müxtəlif nominasiyalar üzrə fərqlənən futbolçulara mükafatlar təqdim edilib. Ötən çempionatın finalçısı “Çelsi”nin üç üzvü qaliblər arasında olub. Ən yaxşı qapıçı Petr Çex, ən yaxşı müdafiəçi Con Terri, ən yaxşı yarımmüdafiəçi isə Frank Lempard seçilib. ÇL-in ötən mövsüm üçün ən yaxşı hücumçu, eyni zamanda ən yaxşı oyunçusu isə “Mançester Yunayted”li Kriştianu Ronaldo olub.

A qrupu: “Çelsi” (İngiltərə), “Roma” (İtaliya), “Bordo” (Fransa), CFR (Rumıniya)

B qrupu: “İnter” (İtaliya), “Verder” (Almaniya), “Panatinaikos” (Yunanıstan), “Anortosis” (Kipr)

C qrupu: “Barselona” (İspaniya), “Sportinq” (Portuqaliya), “Bazel” (İsveçrə), “Şaxtyor” (Ukrayna)

D qrupu: “Liverpul” (İngiltərə), PSV “Eyndhoven” (Hollandiya), “Marsel” (Fransa), “Atletiko” (İspaniya)

E qrupu: “Mançester Yunayted” (İngiltərə), “Vilyarreal” (İspaniya), “Seltik” (Şotlandiya), “Olborq” (Danimarka)

F qrupu: “Lion” (Fransa), “Bavariya” (Almaniya), “Styaua” (Rumıniya), “Fiorentina” (İtaliya)

G qrupu: “Arsenal” (İngiltərə), “Portu” (Portuqaliya), “Fənərbaxça” (Türkiyə), “Dinamo” (Kiyev, Ukrayna),

H qrupu: “Real” (İspaniya), “Yuventus” (İtaliya), “Zenit” (Rusiya), BATE (Borisov).

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar. Bundan sonra mübarizə final matçınadək olimpiya sistemi (uduzan mübarizəni dayandırır) üzrə aparılacaq. Birinci turun oyunları 16-17 sentyabrda, final qarşılaşması isə mayın 27-də İtaliyanın paytaxtı Roma Olimpiya stadionunda baş tutacaq.