Ukrayna yığmasının baş məşqçisi: “Mariya Stadniklə münasibətlərimiz pozulmayıb”
29.08.2008 - 18:20
Ukrayna yığmasının baş məşqçisi: “Mariya Stadniklə münasibətlərimiz pozulmayıb”
Kiyev. Elşən Məmmədov - APA-Sport. “Pekin Olimpiadasında 1/4 finaladək irəliləyən İrina Merleni Mariya Stadnikdən bir baş üstün olduğunu sübuta yetirdi. Mariya perspektivli idmançı olsa da, iştirak etdiyi ilk olimpiadada elə birinci görüşdəcə uduzdu. Əvəzində, Merleni ilk qarşılaşmasını qələbə ilə başa vurdu”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ukraynanın güləş üzrə milli komandasının baş məşqçisi Ruslan Savloxov deyib. R. Savloxov bildirib ki, hazırda Azərbaycanın qadın güləşi yığmasında çıxış edən ukraynalı pəhləvan Mariya Stadniklə (48 kq) əla münasibətləri var. Baş məşqçi M. Stadnikin yığmamızın şərəfini qorumağı qərara aldıqdan sonra ukraynalı pəhləvanlarla münasibətlərinin pozulması haqda xəbərlərin həqiqətə olmadığını söyləyib: “Həm Stadnik, həm də Merleni Pekin Olimpiadasında bürünc medal aldıqlarından, fəxri kürsüdə yanaşı durmuşdular. Stadniki mükafatçı olması münasibətilə həm mən, həm bütün komandamız, həm də qadınlardan ibarət yığmamızın baş məşqçisi Vladimir Yevonov təbrik etdi. Yalnız güləşərkən, güzəşt olmaz, döşəkdən kənarda isə biz normal münasibətdəyik”. R. Savloxov ukraynalı sərbəst güləşçi Georgi Tibilovun bürünc medal uğrunda qarşılaşmada pəhləvanımız Xetaq Qazyumova (96 kq) məğlubiyyətinə də toxunub. X. Qazyumovla G. Tibilovun vaxtilə eyni zalda məşq etdiklərini deyən çalışdırıcı onların əvvəllər iki dəfə qarşılaşdığını vurğulayıb: “Qazyumov yaşca daha böyükdür və Tibilovu yaxşı tanıyır. Əvvəlki iki qarşılaşmalarında Georgi uduzmuşdu. Bu dəfə də Tibilov qələbə qazanacağına əmin deyildi. Onun məğlubiyyətinə başqa səbəb tapa bilmirəm”.