Elçin Zeynalov: “Kanoeçimiz Dünya Kubokundakı nəticə ilə Pekin Olimpiadasında ən azı gümüş medal qazana bilərdi”
01.09.2008 - 13:54
Elçin Zeynalov: “Kanoeçimiz Dünya Kubokundakı nəticə ilə Pekin Olimpiadasında ən azı gümüş medal qazana bilərdi”
APA-Sport” agentliyinin məlumatına görə, E. Zeynalov olimpiadada idmançılarımızı dəstəkləməklə yanaşı, akademik avarçəkmə, kayak, kanoe, kayak-slalom və kanoe-slalom yarışlarını da yaxından izləyib. Bakıya qayıtdıqdan sonra E. Zeynalov AMAF-ın rəsmi İnternet saytına geniş müsahibə verib. “APA-Sport” agentliyi müsahibəni ixtisarla təqdim edir.

- Pekin Olimpiadasını əvvəldən axıradək izləmisiniz. Təəssüratlarınız necədir?
- Mən ilk dəfə idi ki, yay olimpiya oyunlarında iştirak edirdim. Olimpiadanın dördilliyin zirvə yarışı, nəhəng idman bayramı olduğu haqda çox eşitmişdik. Bu fikirləri doğrudan da tam mənası ilə başa düşmək üçün olimpiadanı canlı izləmək lazımdır. Həqiqətən də Pekin Yay Olimpiya Oyunları maraqlı tədbir idi. Bunu təkcə mən yox, əvvəlki olimpiadaların canlı şahidləri, o cümlədən bağlanış mərasimində nitq söyləyən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe də qeyd etdi. XXIX Yay Olimpiya Oyunları hər bir xüsusiyyəti ilə fərqləndi. İstər idman zalları və qurğularının gözəlliyi və böyüklüyü, istər açılış və bağlanış mərasimlərinin möhtəşəmliyi, istər təşkilatçılar, istərsə də olimpiada ilə bağlı işlərə cəlb edilən könüllülər tərəfindən göstərilən xidmətin yüksək keyfiyyəti xoş təəssürat bağışladı.
- Necə hesab edirsiniz, idmançılarımızın olimpiadada 7 medal əldə etməsi qənaətbəxş nəticədirmi?
- Fikrimcə, 1 qızıl, 2 gümüş və 4 bürünc medal həqiqətən də böyük uğurdur. Əvvəlki olimpiadalarda biz potensialımız daxilində maksimum nəticə göstərmişdiksə, bu dəfə medalların kəmiyyətini və keyfiyyətini artırmaq üçün imkanlarımız, şanslarımız çox idi. Afina Olimpiadası ilə müqayisədə Pekindəki yarışa daha çox idmançı ilə qatılmağımız sevindirici hal idi. Digər rekordlarla yanaşı, cüdoçumuz Elnur Məmmədlinin misilsiz uğuru və idman tariximizdə ilk dəfə 7 medal qazanmağımız Pekin Yay Olimpiya Oyunlarının bizim üçün fərqli alınmasına səbəb oldu.
- Pekində “Azərbaycan günü”nün təşkilindən qonaqlar razı qaldılarmı?
- “Azərbaycan günü” çox gözəl təşkil olunmuşdu. Dövlət başçımız İlham Əliyev, beynəlxalq idman qurumlarının rəsmiləri, dünyanın tanınmış idmançılarının iştirakı ilə keçirilən tədbir kifayət qədər maraqlı alındı. Milli şirniyyat və yeməklərimiz, fotostendlər qonaqların ürəyincə oldu, onların hamısına hədiyyələr paylandı. Şübhəsiz ki, bu, Azərbaycan xalqının qonaqpərvərliyinin göstəricisi idi. Tədbirə Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhoff da xanımı ilə qatılmışdı. Bir həftə sonra avarçəkmə yarışı zamanı onunla yenidən görüşümüz oldu. Feldhoff mənə dedi ki, “bizi olimpiada zamanı çox yerə dəvət ediblər, qatıldığımız məclislər arasında ən gözəli “Azərbaycan günü” idi. Bu, həyat yoldaşımla mənim yekdil fikrimdir”.
- Yeri gəlmişkən, Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşünüzdə hansısa məsələləri müzakirə etdinizmi?
- Bəli. Feldhoff kayakçı qadınların mübarizəsində ölkəmizin də təmsil olunmasını təklif etdi. O bildirdi ki, burada iştirakçıların sayı az olduğundan uğur qazanmaq nisbətən asandır. Mən də onun fikirləri ilə razıyam. Çünki kişi kayakçılarla müqayisədə, qadınların yarışına az sayda idmançı qatılır. Feldhoffun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə işlər görülsə və bu prosesə klublarımızı da cəlb etsək, qısa müddətdə uğurlu nəticə əldə etmək olar. Yəqin ki, biz də Beynəlxalq Kanoe Federasiyası prezidentinin dediklərini nəzərə alacaq və qadın kayakı növünə diqqəti artıracağıq. Ümid edirik ki, zərif cinsin nümayəndələri arasında kayak qayıqlarında avarçəkmə növünü populyarlaşdıra biləcəyik.
- Bu istiqamətdə ilk addım kimi nəyi nəzərdə tutmusunuz?
- Sentyabrın ortalarında Mingəçevirdəki “Kür” Təlim-Tədris Mərkəzində yeniyetmələr arasında akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan birinciliyi start götürəcək. Sevindirici haldır ki, üç gün davam edəcək yarışda kişilərdən başqa, 6 qız akademik, 2 qız isə kayak qayıqlarında avarçəkmə növündə qüvvəsini sınayacaq.
- Qızların avarçəkmə növləri ilə kütləvi məşğuliyyətinə milli mentalitetimiz mane olmur?
- Buna aid bir nümunə göstərmək istərdim: İranda qadınlar baş örtüyü ilə də olsa, avarçəkmə növləri ilə məşğul olurlar və hətta Asiya çempionu adını qazanıblar. Heç bir cinsi ayrı-seçkiliyin olmadığı ölkəmizdə isə qızları da oğlanlar kimi idmana cəlb etmək asan deyil. Xüsusən, bölgələrimizdə bu sarıdan müəyyən problemlər var. Amma son zamanlar milli mentalitetimizdə dəyişikliyin baş verdiyi müşahidə olunur. Məsələn, avtomobil sürən qadınların sayı artır, bir sıra idman növlərində zərif cinsin nümayəndələri fəallıqları ilə seçilirlər. Voleybol, otüstü hokkey, həndbol yığmalarımızdakı qızlar müəyyən uğurlara imza atıblar. Bu istiqamətdə fəaliyyətimizdə mətbuatın, orta məktəblərin dəstəyinə ehtiyacımız var. Bizə sağlam qızlar lazımdır ki, sağlam övladları dünyaya gəlsin, uşaqlarını düzgün istiqamətdə tərbiyələndirə bilsinlər.
- Bəs Beynəlxalq Avarçəkmə Federasiyasının rəsmiləri ilə hansı məsələlər ətrafında fikir mübadiləsi apardınız?
- Əsas müzakirə mövzusu 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı idi. Gələn ildən Sinqapur Olimpiadasına lisenziya xarakterli yarışlar başlanacaq. Təsnifat turnirlərinə biz də qatılmaq niyyətindəyik. Amma etiraf etməliyik ki, təqribən ilyarım öncə məşqlərə başlayan yığma komandamız üçün olimpiadaya vəsiqə qazanmaq çox çətindir. İyulun sonlarında gənclər və yeniyetmələr arasında Almaniyanın Brandenburq və Avstriyanın Lints şəhərlərində keçirilmiş dünya çempionatlarında ilk dəfə ölkəmiz də təmsil olundu. Hər bir kateqoriyada ilk “onluğ”a düşənlərlə yaxından maraqlandıqda, onların ən azı 4-5 ildir ki, avarçəkmə ilə məşğul olduğu üzə çıxırdı. Yəni təcrübə, müntəzəm məşqlər olmasa, bu növdə nəticə əldə etmək çətindir. Çox iddialı görünsə də, biz 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Çalışacağıq ki, lisenziya yarışlarında layiqli çıxış edərək, hədəfimizə nail olaq. Bunun üçün 18 yaşadək avarçəkənlərimizin hazırlığına xüsusi diqqət ayıracağıq.
- Pekin Olimpiadasında avarçəkmə növləri üzrə yarışları izləyərkən, özünüz üçün hansı qeydləri apardınız?
- XXIX Yay Olimpiya Oyunlarında idmançılarımızı azarkeş qismində dəstəkləməklə yanaşı, Pekindən saatyarımlıq məsafədə keçirilməsinə baxmayaraq, akademik avarçəkmə, kayak, kanoe, kayak-slalom və kanoe-slalom yarışlarını da izlədim. İlk növbədə qeyd etmək istərdim ki, yarışlar çox gözəl avarçəkmə kanalında təşkil olunmuşdu. Digər tərəfdən, bizim üçün ümidverici məqam ondan ibarət oldu ki, kanoe qayıqlarında 500 metrlik məsafəyə yürüşdə idmançımız Valentin Demyanenko I yeri tutduğu Dünya Kubokunun III mərhələsindəki göstəricisi ilə Pekin Olimpiadasında ən azı gümüş medal qazana bilərdi. Demyanenko 500 metrlik məsafəni 1:47.697 dəqiqəyə qət etmişdi. Müqayisə etsək, yay olimpiya oyunlarında I yeri tutan rusiyalı Maksim Opalev onu cəmi 0,557 saniyə qabaqlayır. Gümüş medalın sahibi ispaniyalı David Kaldan isə kanoeçimiz 0,7 saniyə öndədir. Təəssüf ki, Demyanenko 2007-ci ildə keçirilən olimpiya lisenziyalı dünya çempionatına qatıla bilmədi. Çünki həmin vaxt federasiyamız yenicə yaranmışdı. Dünya çempionatında iştirak etmədiyi üçün kanoeçimiz Pekin Olimpiadasından kənarda qaldı.
- Amma Demyanenko Dünya Kubokunun mərhələ yarışlarında 3 qızıl medal qazanaraq, vətənə qayıdarkən, Pekin Olimpiadasına qatılmaq üçün cüzi şansının olduğunu söyləmişdi…
- Cüzi şans dedikdə, o, “wild-card”ı nəzərdə tutub. Amma kanoe növündə cəmi bir güzəştli kart verildi. Həmin kart Afrika ölkələrindən birinə qismət oldu. Biz müraciət etdikdə isə Beynəlxalq Kanoe Federasiyasından belə cavab verdilər: “Azərbaycan idmanda yenicə inkişaf yoluna qədəm qoyan ölkə deyil. 44 idmançınız Pekin Olimpiadasında iştirak hüququna yiyələnib. Artıq kifayət qədər medal qazanmısınız”. Əlbəttə, belə cavabı eşitmək bizim üçün qürurverici idi. Ancaq Afrikanın hansısa ölkəsinə olimpiadada avarçəkmə yarışlarına qatılmaq imkanı yaradıldığı halda, Dünya Kubokunda uğurla çıxış etmiş kanoeçimizə belə şansın verilməməsi təəssüf doğururdu. Demyanenkonun cəmi 25 yaşı var. Ona 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq və növbəti olimpiadada uğurla çıxış etmək üçün hərtərəfli şəraiti yaradacağıq.
- Gənclər və idman naziri Azad Rəhimov olimpiya yığmamızın Pekinə yola salınması ilə bağlı keçirilən tədbirdə çıxış edərkən bildirmişdi ki, bir sıra növlərdə, o cümlədən avarçəkmədə XXIX Yay Olimpiya Oyunlarına lisenziyanın qazanılmaması gələcəkdə bu idman növlərində təsirli tədbirlərin görülməsini zəruri edir. Sizcə, nazir “təsirli tədbirlər” deyəndə nəyi nəzərdə tutub?
- Təsirli tədbirlərdən ən əsası Mingəçevirdəki “Kür” Olimpiya İdman Mərkəzinin tikintisidir. Həmin baza tikilib-istifadəyə verildikdən sonra idmançılarımızın şəraiti onqat yaxşılaşacaq. “Kür” Olimpiya İdman Mərkəzi yalnız avarçəkmə bazası olmayacaq. Təkcə onu demək kifayətdir ki, idman qurğusunun daxilində olimpiya standartlarına uyğun 50 metr uzunluğunda hovuz fəaliyyət göstərəcək. Gənclər və İdman Nazirliyi bizə texniki avadanlıqların, qayıqların, trenajorların, digər idman ləvazimatlarının alınmasında yaxından köməklik göstərir.