Bakıda Güləş, Cüdo və Karate evləri tikiləcək
03.09.2008 - 13:32
Bakıda Güləş, Cüdo və Karate evləri tikiləcək
Bakı. Elşən Məmmədov - APA-Sport. Bakıda Güləş, Cüdo və Karate evləri tikiləcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda keçirdiyi mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov məlumat verib. A.Rəhimov bildirib ki, 2009-cu ilin əvvəlində tikintisinə başlanılacaq idman mərkəzi Xətai metrosu yaxınlığında Gənclər və İdman Nazirliyinə ayrılan 1,4 hektarlıq ərazidə inşa olunacaq: “Həmin ərazi əvvəlcə Gimnastika Federasiyası üçün ayrılmışdı. Amma sonradan həmin federasiya Gimnastika Kompleksini Əzizbəyov metrostansiyası yaxınlığında tikmək qərarına gəldi. Xətai metrosu yaxınlığındakı torpaq sahəsi isə bizə verildi. Biz isə idman zalına böyük ehtiyacı olan cüdo, güləş və karateçilərimiz üçün həmin ərazidə böyük məşq zalı tikəcəyik. Orada hər üç növ üzrə binalarla yanaşı, idman zalının da inşası nəzərdə tutulub”.