Azad Rəhimov: “Olimpiya çempionumuza təklif edərdim ki, qazandığı pulu banka qoysun”
03.09.2008 - 15:32
Bakı. Elşən Məmmədov - APA-Sport. Bu gün Gənclər və İdman Naziri Azad Rəhimov Çinin paytaxtı Pekində başa çatan XXIX Yay Olimpiya Oyunları ilə bağlı mətbuat konfransı keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Pekin Olimpiadasının yüksək səviyyədə təşkil olunduğunu deyən nazir əvvəlki Yay Olimpiya Oyunları ilə müqayisədə idmançılarımız üçün yaradılan şəraitdən də razı qaldığını bildirib. Pekində yarışların keçirildiyi idman qurğularının bir çoxunun ali təhsil müəssisələrinin nəzdində tikilməsini müsbət addım sayan A.Rəhimovun sözlərinə görə, eyni təcrübədən Azərbaycanda da yararlanmaq olar. Nazir olimpiadanın 1 qızıl, 2 gümüş, 4 bürünc medalını qazanan ölkəmiz üçün uğurlu alındığını, lakin idmançılarımızın çoxlu imkandan yararlana bilmədiklərini vurğulayıb: “Pekində idmançılarımızın qazandığı gümüş də, bürünc də qızıl medal ola bilərdi. Mən heç vaxt proqnoz verməmişəm və son olimpiada göstərdi ki, düz etmişəm. Çünki yunan-Roma güləşçimiz Rövşən Bayramovdan gümüş yox, qızıl medal gözləyirdim. Amma açığı, cüdoçumuz Elnur Məmmədlidən məhz qızıl medal gözləmirdim. Bu qədər zədədən sonra digər güləşçimiz Vitali Rəhimovun gümüş medal qazanacağına inamım yox idi. Əvəzində boksçumuz Samir Məmmədovun medal qazanacağına ümid edirdim. Stend atıcımız Zemfira Meftahəddinovaya da inanırdıq. Lakin analıq məzuniyyətinə çıxması özünü göstərdi. Bununla belə, xalqımıza böyük sevinc bəxş etdiyimizi düşünürəm. Bu vəzifədə ilk dəfə qatıldığım Olimpiada şəxsən mənim üçün böyük təcrübə oldu. İnanıram ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında bundan da yaxşı nəticə göstərəcəyik”. A.Rəhimov 2004-cü il Afina Olimpiadasında və 2007-ci il dünya çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçimiz Fərid Mansurovun Pekində uğursuz çıxışına da münasibət bildirib. Onun fikrincə, F.Mansurovun elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırmasına yarış öncəsi xəstələnməsi ilə yanaşı, psixoloji cəhətdən hazır olmaması da təsirini göstərib: “Mansurov nəyə görəsə, Pekin Olimpiadasına psixoloji cəhətdən hazır deyildi. Hələ yarış başlamamışdan öncə Olimpiya şəhərciyində olarkən, mən bunu hiss etmişdim. Özünə yaxınlaşıb, soruşdum ki, Fərid, nə baş verir? Gözlərinə baxıram, nə qələbə, nə hazırlıq, nə də bir hissiyyat görürəm. Sanki tam hazırlıqlı deyilsən, yaxud nə isə baş verib. Mansurov isə hər şeyin qaydasında olduğunu bildirdi. Ertəsi gün isə o, möhkəm xəstələndi. Hərarəti 39,5 dərəcəyə qalxdı. Qızdırması keçəndən bir gün sonra isə yarışda iştirak etdi. Yəni, dediyim amillər onun uğursuzluğuna səbəb oldu. Fərid Olimpiada öncəsi tez-tez nazirliyimizə gəlib, müntəzəm ünsiyyətdə olmuşuq. O vaxt Mansurovun Olimpiadaya hazır olduğu fikrindəydim. Heç vaxt onda bir problem hiss etməmişik. Amma hansısa səbəbdən belə alındı. Öz səhvimizdir ki, psixoloji hazırlığa o qədər də ciddi fikir verməmişik. Halbuki idmançı üçün bu, vacib məqamdır. Biz istedadlı, öz işini bilən psixoloqlarla işləməyə başlamasaq, bəzi hallarda bu cür məğlubiyyətlərlə üzləşə bilərik”. Sərbəst güləş millimizə legionerlərin cəlb edilməsinə gəldikdə, nazir Güləş Federasiyasının məcburiyyətdən bu addımı atdığını etiraf edib. Onun sözlərinə görə, əks halda Pekin Olimpiadasında ölkəmiz sərbəst güləş növündə bütün 7 çəkidə yox, bir-iki pəhləvanla təmsil olunacaqdı. A.Rəhimov “Legionerlər yerli idmançılardan üstün olmalıdır” fikrini qəbul etsə də, heç bir dövlətin öz güclü idmançısını başqa ölkəyə vermədiyini vurğulayıb. Nazir Pekin Olimpiadasında uğurla çıxış etmiş idmançılarımızın dövlət, Milli Olimpiya Komitəsi, federasiyalar və iş adamları tərəfindən yüksək mükafatlarla təltif olunmasının fərəhli hal olduğunu söyləyib. Bununla belə, A.Rəhimov bu tendensiya nəticəsində idmançılarımızın “ulduz xəstəliyi”nə tutulmasından ehtiyatlandığını etiraf edib: “Olimpiadaya lisenziya qazanmaq və dördilliyin zirvə yarışında uğurla çıxış etmək üçün idmançılar xeyli əziyyət çəkməli olurlar. Ən böyük qorxumuz odur ki, medal qazandıqdan və böyük məbləğdə sonra onlar özləri üçün hər cür şeyi təmin etdiklərini düşünərək, bir daha əziyyətə salmasınlar. Olimpiadada yüksək nəticələr göstərmiş idmançılarımızın “ulduz xəstəliyi”nə tutulmaması naminə köməyimizi əsirgəməliyik. Mən Elnur Məmmədliyə təklif edərdim ki, qazandığı pulu banka qoysun”.
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0