Azərbaycanın ən güclü komandası Gənclər və İdman Nazirliyinə qarşı çıxdı
19.09.2008 - 18:00
Azərbaycanın ən güclü komandası Gənclər və İdman Nazirliyinə qarşı çıxdı
Bakı. Kənan Həsənov - APA-Sport. Kişi basketbolçular arasında Azərbaycan çempionatının son qalibi “NTD Servis Devon” klubu növbəti milli birincilikdə oynamaqdan imtina edib. Bu haqda “APA-Sport”a komandanın prezidenti Bəhram Abdinov məlumat verib. O, bunun səbəbini daxili birincilikdə lazımi rəqabətin olmaması ilə izah edib: “Azərbaycan çempionatında oynamağın mənası yoxdur. Çünki komandamıza layiqli müqavimət göstərəcək rəqib görmürəm. Bu səbəbdən bütün oyunlarda böyük hesabla qələbə qazanırıq. Mübarizə olmayan yerdə isə inkişafdan danışmaq yersizdir”.

Abdinov növbəti mövsümdən Gürcüstan çempionatında çıxış edəcəklərini bildirib. Klub prezidenti bunun üçün Azərbaycan Basketbol Federasiyasına və Gənclər və İdman Nazirliyinə müraciət etsə də, razılıq almayıb: “Bizim Gürcüstan çempionatına qatılmağımız üçün bu qurumların razılığı olmalıdır. Yəni, hər iki təşkilat Gürcüstan Basketbol Federasiyasına faks göndərməlidir. Amma xahişimiz qəbul edilmədi. Belə olan halda, “NTD Servis Devon” Gürcüstan çempionatına yerli komanda statusu ilə qatılacaq. Fikrimiz qətidir və oktyabrın əvvəlində Tiflisə gedəcəyik”.

Gürcüstan çempionatının daha səviyyəli olduğunu bildirən prezident heyətə legionerlər cəlb edəcəklərini vurğulayıb. Komandanın yeni baş məşqçisi isə gürcü mütəxəssis olacaq: “Artıq Nuqzar Kandelaki ilə razılığa gəlmişik. O, vaxtilə komandamıza rəhbərlik edib. Kamerun, Moldova və Gürcüstandan olan basketbolçularla da danışıqlara başlamışıq. Bu məsələni də yoluna qoyacağıq. Azərbaycan yığmasının üzvləri də heyətdə yer alacaqlar. Hazırda komandamızın Tiflisdə yerləşməsi ilə bağlı problemlərlə məşğuluq”.

Məsələ ilə bağlı “APA-Sport”a açıqlama verən Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Azər Qədirov isə fərqli mövqe bildirib: “Bizə “NTD Servis Devon” klubunun rəhbərliyi tərəfindən rəsmi müraciət gəlməyib. Onların belə bir fikrə düşdüklərini eşitmişik. Müraciət etsələr, məsələ İcraiyyə Komitəsində müzakirəyə çıxarıla bilər”.

Qədirov Abdinova məsləhət verməkdən də çəkinməyib: “Mənim şəxsi fikrim belədir ki, Azərbaycan komandasının Gürcüstan çempionatında çıxış etməsi arzuolunmaz haldır. Öz çempionatımız ola-ola, başqa ölkəyə getməyin nə mənası var? Sabah “Xəzər-Lənkəran” klubu başqa çempionatında oynamaq istəsə, bu necə qarşılanar? Təbii ki, mənfi. Bu, heç kimə lazım deyil. Abdinovun pulu çoxdursa, onu Azərbaycan basketboluna xərcləsin. Bildiyimə görə, komandada cəmi dörd basketbolçu qalıb. Belə olan halda, Gürcüstana getməyə nə lüzum var?”