Əfsət Əfsətov Azərbaycan yığmasına qayıtmaq istəyir - MÜSAHİBƏ
22.09.2008 - 16:42
Əfsət Əfsətov Azərbaycan yığmasına qayıtmaq istəyir - MÜSAHİBƏ
Bakı. Aqşin Əliyev - APA-Sport. Ağır atletika üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əfsət Əfsətovun “APA-Sport”a müsahibəsi

- Əfsət müəllim, hazırda nə işlə məşğulsunuz, harada çalışırsınız?

- Dağıstanın Dərbənd şəhərində idman gimnaziyasında işləyirəm.

- Sizə qonşu ölkələrdən təkliflər gəlmişdi. Bu dəvətləri nəyə görə qəbul etmədiniz?

- Mən vətənimdə çalışmağa üstünlük verirəm. Hansı səbəbdən Qazaxıstanda və ya Türkmənistanda işləməliyəm?

- Yığmamızın keçmiş baş məşqçisi kimi, Azərbaycan ağırlıqqaldıranlarının Pekin Olimpiadasındakı çıxışını necə dəyərləndirərdiniz?

- Yay olimpiya oyunlarında medal qazanmaq hər bir idmançının böyük arzusudur. Azərbaycanın ağır atletlərindən ikisi 5-ci pillədə qərarlaşdı. Hələ mənim rəhbərliyim dövründə yetirməm olimpiadada 4-cü yeri tutanda, bunu zəif nəticə kimi qələmə verirdilər.

- Bəs bu dəfə necə, ağırlıqqaldırma yığmamızın çıxışı uğurlu alındı, yoxsa uğursuz?

- Desəm ki, milli komanda uğursuzluğa düçar oldu, bu düzgün çıxmaz. Nizami Paşayev, Turan Mirzəyev kimi tanınmış atletlərdən hamı medal gözləyirdi. Hansısa səhvin, nöqsanın buraxıldığını söyləməyə çətinlik çəkirəm. İdmançı həmişə yüksək nəticə qazanmağa çalışır. Məşqçi isə ona kömək etməli, yol göstərməlidir. Açığı, Pekində nə baş verdiyini, ortaya hansı əngəllərin çıxdığını deyə bilmərəm.

- Yığmamızın lideri Nizami Paşayev sizin vaxtınızda da olimpiadada medalsız qalmışdı. Sizcə, ona mükafatçılar sırasına düşməyə maneçilik törədən amillər hansılardır?

- Olimpiadada rəqabət çox güclü olur. Burada bəzən dördqat, beşqat dünya çempionları qüvvələrini sınayırlar. Nizami mübariz xarakterli idmançıdır. Onun hazırlığı yüksək səviyyədə idi. Ancaq bilmirəm ki, nəyə görə onun ilk iki cəhdi boşa çıxıb? Olimpiadadan sonra onunla danışmamışam. Heç olmasa, telefonla əlaqə saxlasaydıq, bunun səbəbini Nizaminin özündən soruşardım. Sualınıza cavab verə bilmədiyim üçün məni təqsirkar saymayın.

- Biz sizi təqsirkar saymırıq, sadəcə, Nizaminin keçmiş məşqçisi kimi fikrinizi öyrənmək istəyirdik. Çünki siz onu çox yaxından tanıyırsınız, potensialına bələdsiniz.

- Məşqdə göstərdiyi nəticələrə əsasən, Nizami Pekində çempion olmalı idi. Hətta yay olimpiya oyunlarından 3 ay öncə yeni dünya rekordu müəyyənləşdirmişdi. Bunların hamısından xəbərim var idi. Ancaq onun olimpiadada medal qazana bilməməsi mənə qaranlıq qaldı.

- Turan Mirzəyev barədə nə deyə bilərsiniz? O, son vaxtlar mötəbər yarışlarda bir qayda olaraq, ilk “beşlik”də yer alır...

- Mirzəyev də fəxri kürsüyə yüksələ bilərdi. Hazırlıq zamanı yaxşı nəticə göstərirdi. Əgər mən olimpiada barədə ətraflı toplasaydım, onun çıxışını analiz etmək olardı.

- Milli komandamızın baş məşqçisi postunu təxminən iki il öncə tərk etmisiniz. Arxada qalan müddətdə Azərbaycan ağır atletikasında inkişaf var, yoxsa geriləmə?

- Azərbaycan yığmasına rəhbərliyik etdiyim dövrlərdə elə bir dünya və ya Avropa çempionatı olmadı ki, oradan əliboş qayıdaq. Yalnız Afina Olimpiadasında yetirmələrimdən heç biri medal qazanmağı bacarmadı. Hərçənd, bu yarışda da mükafat əldə etməli idik. Afinada məqsədim o idi ki, 2-ci və ya 3-cü sıranı deyil, məhz 1-ci yeri tutaq. Proqramları, proqnozları olimpiya çempionu tituluna hesablamışdıq. Ancaq cüzi büdrəmə bizi medaldan məhrum etdi.

- Belə başa düşdüm ki, yığmamızın son dünya və Avropa çempionatında uğursuz çıxışına görə, Azərbaycanda ağır atletikanın gerilədiyini düşünürsünüz?

- Tamamilə doğrudur. Hər şeydən öncə milli komanda üçün ehtiyat qüvvə yetişmir. Nizami Paşayev, Turan Mirzəyev, Əlibəy Səmədov, Əfqan Bayramov karyeralarını başa vurduqdan sonra gələcəkdə yığmanın şərəfini kim qoruyacaq?

- Axı, milli komandada gənc atletlər də var. Məsələn, Rövşən Fətullayev, Ziyad Durmuşov...

- Fətullayev mənim vaxtımda da yığmada idi. Gənc, istedadlı, perspektivli idmançıdır. Durmuşovun isə heç bir nəticəsi yoxdur. Hazırda milli komandanın aparıcı üzvləri olan atletlər idmandan getdikdən sonra ürəkaçan vəziyyət yaranmayacaq. Mən yığmada layiqli əvəzləyiciləri görmürəm.

- Sizin istefaya göndərilməyinizi nizam-intizamın aşağı olması ilə əlaqələndirirdilər. Bu, iki il öncə federasiya rəhbərliyini rəsmi bəyanatı idi. Əslində, nə baş verdi ki, baş məşqçi postundan azad olundunuz?

- Federasiyanın prezidenti və vitse-prezidenti ilə heç bir problemim yox idi. Mənə bütün zərbəni aşağı təbəqədə yer alan məşqçilər vururdular. Mən onlar üçün sanki kölgə idim. Dağıstandan gəlib, Azərbaycan yığmasında çalışmağımı özlərinə ləkə sayırdılar. Belələri düşünürdülər ki, nəyə görə, milli komandaya Dağıstandan məşqçi gətirilməlidir, biz isə kənarda qalmalıyıq. Onlar həmişə mənə qarşı çıxış edir, ziyan vururdular.

- Konkret kim sizi zərbə altında qoyurdu?

- Ad açıqlamaq istəmirəm, onu yaxşı tanıyırsınız. O, kimlərinsə onun itaətində olmasını istəyirdi.

- Belə demək olarmı ki, onlar tələ qurub, sizin vəzifənizi ələ keçirdilər?

- Elədir ki, var, qardaşım.

- Yığmamızın hazırkı baş məşqçisi Vahid Nəzərovu necə xarakterizə edərdiniz?

- Qoy, onu yaxşı tanıyanlar qiymət versinlər. Mən bu şəxs barədə danışmaq istəmirəm. Bağışlayın, heç onun adını belə çəkmək fikrində deyiləm.

- Sizə Azərbaycan yığmasına qayıtmaq təklif olunub?

- Xeyr. Mən rəsmi təklif almamışam. Bəzən mənim geri qaytarılacağımla əlaqədar qeyri-rəsmi məlumatlar eşidirəm. Ancaq nə federasiyadan, nə də digər qurumdan mənə rəsmi dəvət göndərilib.

- Əgər dəvət etsələr, yenidən yığmamızın baş məşqçisi olarsınız?

- Əlbəttə! Bu, çox yaxşı olardı.

- Azərbaycanda ağır atletikanın perspektivini necə görürsünüz?

- Perspektivin yaxşı olması üçün işi sistemli qurmaq lazımdır. Təkcə Nizami, Turan və ya Əfqanla iş bitmir. Gələcəyi təmin etmək məqsədilə məktəb yaratmaq vacibdir. Yığmada gənc, istedadlı atletlər, eləcə də bacarıqlı məşqçilər olmalıdır.