Elnur Məmmədli evlənməyə qız axtarır
25.09.2008 - 15:54
Elnur Məmmədli evlənməyə qız axtarır
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan cüdo yığmasının üzvü, XXIX Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli bu gün brifinq keçirib. “APA-Sport”un məlumatına görə, 20 yaşlı idmançı jurnalistlərin suallarını cavablandırıb.

- Pekin Yay Olimpiya Oyunlarından bir ay ötüb. Arxada qalan müddətdə bərpa dövrünü necə keçirmisiniz?
- Bərpa dövrü yaxşı keçir, amma yoruluram. Bunun böyük səbəbkarı siz, jurnalistlərsiniz. Sizin əlinizdən dincəlmək olmur (gülür).
- Məşqlərə nə vaxtdan başlayacaqsınız?
- Oktyabrın sonlarında fəal məşqlərə start verəcəyəm. İndi yüngül məşqlər edirəm, səhərlər qaçıram, üzürəm, basketbol oynayıram.
- Sizdə elə hiss yaranmayıb ki, artıq idmanda hər şeyi etmişəm, daha heç nə lazım deyil?
- Yox. Mən neyləmişəm ki!? Bu, hələ başlanğıcdır. 20 yaşım var, inşallah, bundan sonra 2-3 olimpiadada iştirak edə bilərəm. Güləşmək bizim işimizdir, peşəmizdir.
- “Ulduz xəstəliyi”nə tutulmayacağınıza inanaq?
- Bunu mənə hamı deyir. Nə etmişik ki, “ulduz xəstəliyi”nə tutulaq... Ermənistanı alsaq, bəlkə onda belə şeylərdən danışmaq olar. Mən “ulduz xəstəliyi”ndən uzaq idmançıyam.



- İndiyədək bəzi olimpiya mükafatçılarımız “ulduz xəstəliyi”nə tutularaq, bunun acısını çəkiblər.
- Kim istəyər ki, belə xoşagəlməz halla üzləşsin? Məsələn, olimpiya çempionu Fərid Mansurov Pekində xəstələndiyi üçün medal qazana bilmədi. Əks təqdirdə, o mükafatçılar sırasına düşəcəkdi. Qismət Allahdandır! Çalışacağam ki, cənab prezidentimizin, bütün xalqımızın etimadını doğruldub, ikinci dəfə olimpiadanın qızıl medalını qazanım. Bilirsiniz ki, bizdə ikiqat olimpiya çempionu yoxdur. 2012-ci ildə Londonda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, idman tariximizə düşmək istəyirəm.
- Pekin Olimpiadasından əvvəlki və sonrakı həyatınız arasında hansı fərqlər var?
- Olimpiadadan sonra 4 dəfə mobil telefonumun nömrəsini dəyişmişəm. O qədər lazımsız adamlar zəng vurur mənə... Köhnə dostlar tapılır. Ancaq onlara fikir vermirəm. Olimpiadadan öncə, dar, çətin vəziyyətimdə kim yanımda idisə, indi də onlarla birlikdəyəm. Mənə paxıllıq edənlər də çoxdur. Kimsə üzümə gülür, amma arxamca danışır. Biri deyir, AST şirkətinin rəhbəri Telman İsmayılov Elnura 1 milyon dollar pul verdi, biri deyir ki, Elnurun 4 maşını var. Bunlar boş sözlərdir. Mənə dövlət tərəfindən 600 min manat pul, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov tərəfindən isə BMW markalı avtomobil verilib. Vəssalam! İstərdim ki, xalqımız dediklərimi internet səhifələrində, qəzetlərdə oxuyub, əsl vəziyyətin nə yerdə olduğu bilsin.
- Yəni, milyonçu olmamısınız, eləmi?
- Milyonçu olmamışam, heç istəmirəm də. Milyonçunun milyon dənə problemi olur. Qoy, kasıbçılığımızı sürək.
- Sizin üçün pulu qazanmaq asandır, yoxsa xərcləmək?
- Xərcləmək. Pul olsun, xərcləməyə nə var ki! (gülür)
- Gənclər və idman naziri Azad Rəhimov təklif edirdi ki, qazandığınız pulu banka qoyasınız.
- Nazirin sözünə qulaq asıb, pulumu Azərbaycan banklarından birinə qoymuşam.
- Bəzi idmançılar böyük uğur qazandıqdan sonra Azərbaycan çempionatına qatılmırlar. Sizin belə fikriniz yoxdur?
- Bu, yarışların qrafikindən asılıdır. Əgər ölkə çempionatı ilə hansısa önəmli beynəlxalq turnir üst-üstə düşürsə, adətən ikinciyə üstünlük veririk.
- Bildiyimizə görə, oruc tutursunuz. Sizə çətinlik yaratmır ki?
- Bir az çətinlik olur. Səfərə gedəndə orucumu pozmaq məcburiyyətində qalıram. Allaha şükür, ümumilikdə hər şey qaydasındadır.



- Namaz qılırsınız?
- Bəli.
- Həcc ziyarətinə getməyi planlaşdırırsınız?
- İnşallah, Həccə getməyi nəzərdə tutmuşam.
- Maraqlıdır, Allahın evinə gedəndə ən böyük arzunuz nə olacaq?
- Dua edəcəyəm ki, Allah bütün müsəlmanları xəta-bəladan qorusun. Bundan başqa, valideynlərimizə, yaxınlarımıza can sağlığı arzulayacağam.
- İdman meydanlarında dəfələrlə erməniləri məğlub etmişik. Necə düşünürsünüz, müharibə başlasa, bədnam qonşularımıza qalib gələ bilərik?
- İndiyədək 19 dəfə ermənilərlə qarşılaşmışam və hamısında qələbə qazanmışam. Hətta bir dəfə düşmən ölkənin cüdoçusu ilə dalaşmışam da.
- Hobbiniz nədir?
- Maşın sürmək. Ölürəm maşın sürmək üçün.
- Yol polisi sizə ilişmir?
- Yox. Yeri gəlmişkən, Respublika Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə təşəkkürümü çatdırıram.
- Olimpiadadan qayıdandan bəri yol polisi sizi cərimələməyib ki?
- Çox sağ olsunlar. Hamı hörmətimi saxlayır.
- Gözaltınız var?
- Xeyr. Hələ subayam. Evlənmək niyyətim var. Açığı, ailə həyatı qurmağa qız axtarıram.
- Sizin üçün qız tapmaq çox çətindir?
- Həddən artıq çətindir. Çünki idmançıların özünəməxsus xarakterləri olur. Həm də idmançıların demək olar, 80 faizinin başla, əsəblə bağlı problemi var.
- Olimpiya çempionunun həyat yoldaşı necə olmalıdır?
- Ağıllı olmalı, məni sevməli, valideynlərimə hörmətlə yanaşmalıdır.



- Hirslənəndə özünüzü necə sakitləşdirirsiniz?
- Mən üzüyola adamam. Nadir hallarda əsəbiləşirəm. Qarşı tərəf səhv olanda da, yola verirəm. Oturdub, sözlə başa salıram. Ancaq başa düşməyən adamla üz-üzə gələndə vəziyyət ayrı cür olur...
- Döyürsünüz həmin adamı?
- Döymürəm, lakin döymək ondan yaxşıdır.
- Pekindən qayıtdıqdan sonra həyatınızda əlavə çətinlik yaranıb?
- Hara gedirəmsə, hamı mənimlə şəkil çəkdirir, məni yorurlar. Hər halda, buna müsbət baxıram. Əhəmiyyətsiz insan olsaydım, yəqin ki, fikir verməzdilər.
- Belə çıxır ki, tanınmağınız sizə maneçilik törətmir?
- Əksinə, məndə ruh yüksəkliyi yaranır. Hətta Pekində tatamiyə çıxarkən dövlət başçımız İlham Əliyevin zala gəldiyini görməyim mənə əlavə güc vermişdi. Buna görə də, qələbə naminə bütün var-qüvvəmi sərf etdim.
- Çəki dərəcənizi dəyişmək fikriniz var? Ola bilərmi ki, gələcəkdə 73 kq-da deyil, 81 kq-da güləşəsiniz?
- Bunu indidən deyə bilmərəm. Fəal məşqlərə başladıqdan sonra bu barədə qərar verəcəyəm. Bu vaxta qədər bir neçə 81 kq-da güləşmişəm. Axırıncı dəfə, yazda Moskvada keçirilən Dünya Kubokunda 3-cü yeri tutmuşam.
- Olimpiadadan sonra ilk yarışınız nə zaman olacaq?
- Bu il yarışım yoxdur. Gələn ilin yanvarında Yaponiyada təlim-məşq toplanışında olacağam.
- Deyəsən, payızda Rusiyanın “Yavara-Neva” klubunun heyətində yarışda çıxış etməli idiniz?
- Həmin turnirə gedib-getməyəcəyimi bilmirəm.