Söyüşün biri 100 manata!
02.10.2008 - 15:04
Söyüşün biri 100 manata!
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün keçirilən AFFA Nizam-İntizam Komitəsinin (NİK) iclasında futzal çempionatında baş verən neqativ hallar müzakirəyə çıxarılıb. “APA-Sport”un assosiasiyanın rəsmi İnternet saytına istinadən məlumatına görə, komitə üzvləri II tur çərçivəsində oynanılmış “Ekol” - “AZMETKO” matçı barədə fikir mübadiləsi aparıblar.

Nəticədə “Ekol”un futzalçısı Əsgər Abbasov hakimi söydüyündən diskvalifikasiyaya məruz qalıb. O, ölkə çempionatının növbəti iki turunu buraxacaq. “Ekol” klubu isə Abbasovun dilini dinc saxlamamasına görə, AFFA-ya 100 manat cərimə ödəyəcək. Bundan başqa, “AZMETKO”nun üzvü İlkin Hacıyev ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün yarışdan 1 oyunluq kənarlaşdırılıb. Onun şərəfini qoruduğu komanda Nizam-İntizam Kodeksinin 45-ci maddəsinə əsasən, 10 manat cərimə ödəyəcək.

Ümumiyyətlə, NİK-in bugünkü iclasında kifayət qədər sərt qərarlar verilib. Komitənin Premyer Liqa və onların əvəzedici komandaları, həmçinin futzal klubları haqda çıxardığı cərimələrin məbləği 9410 manata bərabər olub.