“Bakı” Türkiyə klubu ilə qarşılaşacaq
02.10.2008 - 18:20
“Bakı” Türkiyə klubu ilə qarşılaşacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan otüstü hokkey klublarının 2009-cu il avrokuboklar mövsümündəki rəqibləri müəyyənləşib. “APA-Sport”un məlumatına görə, qitə miqyaslı yarışda ilk dəfə ölkəmizin şərəfini 4 komanda - “Atasport” (həm qadın, həm də kişilərdən ibarət), “Bakı” (qadınlar) və “Akkord” (kişilər) qoruyacaq.

Öncə mübarizəyə “Bakı” klubu qoşulacaq. Kuboklar Kubokunun Çelenc divizionunda qüvvəsini sınayacaq otüstü hokkeyçilərimiz B qrupunda çıxış edəcəklər. Püşk debütant “Bakı”nın bəxtinə “Anadolu Atəşi” (Türkiyə) və “Vilnüs” (Litva) komandalarını çıxarıb. Bu divizionda 6 kollektiv 2 qrupda oynayacaq. Bütün matçlar 2009-cu il aprelin 9-dan 12-dək Avstriyanın Vels şəhərində baş tutacaq.

Ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət ən güclü klubu “Atasport” isə Hollandiyanın Hertogenboş şəhərinə səfər edəcək. Komandamız Çempionlar Kubokunun ən yüksək divizionunun A qrupunda yer alıb. “Atasport”un rəqibləri yerli “Hertogenboş”, İngiltərənin “Slauf”, eləcə də Belçikanın “Royal Antverp” klubları olacaq. Oyunlar 2009-cu il 29 may - 1 iyun aralığına təyin edilib.

Kişilərdən ibarət komandalarımızın hər ikisi Çempionlar Kuboku uğrunda yarışa qatılacaq. Çelenc-2 divizionunun B qrupuna düşən “Atasport” “Lamas”, “Lusada” (hər ikisi Portuqaliya) və “Napios Apollon”u (Yunanıstan) sınağa çəkəcək. Qarşılaşmalar gələn il mayın 28-dən 31-dək Portuqaliyanın Lusada şəhərində gerçəkləşəcək.

Avrokuboklarda ilk dəfə oynayacaq “Akkord” komandası isə daha aşağı divizionda, Çelenc-4-də mübarizə aparacaq. Təmsilçimiz Litvanın paytaxtı Vilnüsdə keçiriləcək turnirin A qrupunda “Moravske Toplitce” (Sloveniya), “Keçiörən” (Türkiyə) və “Töbi” (İsveç) ilə üz-üzə gələcək. 2009-cu il mayın 29-da start götürəcək yarış 4 gün davam edəcək.