Azərbaycan futbolunda yeni layihə
27.10.2008 - 13:31
Azərbaycan futbolunda yeni layihə
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün AFFA Təhsil Nazirliyi ilə birgə yeni layihəyə start verib. “APA-Sport”un məlumatına görə, bununla bağlı assosiasiyanın mənzil-qərargahında mətbuat konfransı keçirilib. Yığıncaqda AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov və təhsil nazirinin müavini Elmar Qasımov iştirak edib.

Öncə çıxış edən Elxan Məmmədov bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarına uyğun olaraq, orta ümumtəhsil məktəblərində bir sıra layihələr həyata keçirilir: “Artıq AFFA ilə Təhsil Nazirliyi arasında əməkdaşlıq müqaviləsi bağlanılıb. Assosiasiyanın rəhbəri Rövnəq Abdullayev və təhsil naziri Misir Mərdanov 2008-09-cu il üçün iş planı hazırlayıb. Bu gün start götürən yeni layihəyə əsasən, yerli və əcnəbi mütəxəssislər yaxın 3 ay ərzində orta məktəb müəllimlərinə seminar keçəcəklər. Həmin müəllimlər seminarda öyrəndiklərini gələcəkdə şagirdlərə çatdıracaqlar”.

Daha sonra nitq söyləyən Elmar Qasımov layihənin əhəmiyyətindən danışıb. Təhsil nazirinin mavini bütün idman məktəblərində futbol bölmələrinin açılacağını vurğulayıb: “Təxminən 40 idman məktəbi var ki, burada da futbol bölmələri yaradılacaq və müəllimlər üçün seminar keçiriləcək. Bundan başqa, məktəblərin stadionları pasportlaşdırılacaq. Perspektivdə onların süni örtüklə əvəzlənməsi nəzərdə tutulub. Eyni zamanda, ayrı-ayrı yaş qrupları üzrə şagirdlərin çempionatı təşkil olunacaq”.

İdman və orta ümumtəhsil məktəbləri arasında futzal çempionatının da keçiriləcəyini söyləyən Qasımovun sözlərinə görə, tələbələr də diqqətdən kənarda qalmayacaqlar: “Ötən mövsüm ali təhsil ocaqları arasında yarış 2 ay davam etsə də, bu dəfə bütün il boyu mübarizə gedəcək”. Təhsil Nazirliyinin rəsmisi məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılacağını da deyib: “Sevindirici haldır ki, AFFA rəhbərliyi bütün məktəblərə top paylayır”. O, ölkəmizdə özəl futbol məktəbinin yaradılmasına çalışacaqlarını da qeyd edib.

AFFA-nın I vitse-prezidenti Rauf Əliyev isə nəzərə çatdırıb ki, həyata keçirilən layihədə İngiltərə, Almaniya və İsveçrə təcrübəsindən istifadə olunacaq: “MDB-də yalnız Ukraynanın orta ümumtəhsil məktəblərində futbol fənni tədris edilir. Yaxın zamanlarda Ukrayna Futbol Federasiyasının nümayəndələrini və təhsil mütəxəssislərinin Bakıya səfəri gözlənilir. Biz onların da təcrübələrindən yararlanmaq istəyirik”.