Bu gün Bolqarıstanın Samokov şəhərində güləş üzrə U15 Avropa çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 7 çəkidə finalçılar müəyyənləşib.
Hüseyn Əmrahlı (38 kq) ermənistanlı Qor Karapetyan (9:0) və bolqarıstanlı İvan Aleksandrova (8:0) tam üstünlüklə qalib gəldikdən sonra yarımfinalda rusiyalı Ervin Sufiyanovdan güclü olub – 3:1. Hüseyn finalda estoniyalı Daniel Samuellə güləşəcək.
Xudayar Kərimov (41 kq) finlandiyalı Vilyami Kotilayneni (5:3) yarışdan kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Oqnyan Burqazovla mübarizədə qolundan zədələndiyi üçün görüşü davam etdirə bilməyib.
Paşa Aslan (44 kq) belaruslu Matvey Utliklə (9:0) serbiyalı Adam Horvatı (9:1) vaxtından əvvəl xalçadan məyus yola salıb. Yarımfinalda isə gürcüstanlı Luka Saqinadzeni 5:3 hesabıyla üstələyib. Paşa finalda ermənistanlı adaşı Paşa Xudoyanla güləşəcək.
Pünhan Şahmarov (48 kq) macarıstanlı Vensel Olas (11:3), belaruslu Nazar Krişnyov (5:3) və türkiyəli Mehmet Dedeoğluna (6:0) qalib gəlib. Yarımfinalda rusiyalı Feliks Tuayevə uduzan (1:10) həmyerlimiz sabah bürünc medal görüşünə çıxacaq.
Rəsul Əhmədli (52 kq) 1/8 finalda türkiyəli Muhammed Ozenə minimal fərqlə məğlub olub – 1:2.
Sadiq Vəlizadə (57 kq) böyük britaniyalı Pol Hanlonla (8:0) türkiyəli Yusuf Sariyara (9:5) qalib gələrək adını yarımfinala yazdırıb. Sadiq finalın bir addımlığında rusiyalı Raybek Muçurayevlə bacarmayıb – 2:13.
Raul Məmmədzadə (62 kq) bolqarıstanlı Qriqor Simyonova (9:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Qabriyel Tavberidzeyə (1:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Raul sabah təsəlliverici görüşə çıxacaq.