“Milli” deməyə dil gəlmir – Lixtenşteyn qarşısında aciz yığma
02.10.2026 - 15:48
“Milli” deməyə dil gəlmir – Lixtenşteyn qarşısında aciz yığma

Dünəndən yazıb-yazmamaq arasında qalmışam. Sözlər ardıcıl düzülmür, adamı qəhər boğur. Danışmaq, yazmaq çox çətin gəlir. Nədən və necə başlamaq lazım olduğunu da qarışdırıram. Baş verənlərin təsirindən çıxa bilmirəm.

Bəzən heç-heçə bir xal qazandırır, bəzən isə həmin bir xal adamı məğlubiyyətdən daha çox utandırır. Azərbaycan yığmasının (bu, milli deyil) Bakıda Lixtenşteynlə 0:0 etməsi ikinci variantdır. Burada “bəxtimiz gətirmədi”, “çoxlu qol vəziyyəti yaratdıq”, “rəqib qapandı” kimi təsəlli cümlələrinin arxasına sığınmağa yer yoxdur.

Rəqibin heyətində cəmi 2 peşəkar futbolçu var idi. Qalanları dülgər, həkim, mexanik... Deməli, bu qədər milyonların qarşılığında dülgər, çilingər, bərbər səviyyəsində də futbolçu yetişdirə bilməmişik. 

Söhbət dünya reytinqinin ən aşağı pilləsində qərarlaşan komandalardan birindən gedir. Üstəlik, qarşında futbolçularının böyük hissəsi həyatını yalnız futboldan qazanmayan bir milli var. Azərbaycan isə illərdir futbola böyük vəsait xərcləyir, infrastruktura pul ayırır, akademiyalardan, layihələrdən, inkişaf proqramlarından danışır. Sonra bütün bunların yekununda Bakıya Lixtenşteyn gəlir və qapısını toxunulmaz saxlayıb gedir.

Ən ağır sual da elə budur: bu qədər imkan nəyə xidmət edib?

Məsələ təkcə 90 dəqiqə ərzində topun qapıdan keçməməsi deyil. Milli üstün oynaya, topa daha çox sahib ola, onlarla hücum qura bilər. Statistikada Azərbaycan hər göstəricidə rəqibindən üstün görünə bilər. Amma futbolun ən sadə həqiqəti dəyişmir: qarşındakı Lixtenşteyndirsə və sən öz meydanında onu məğlub edə bilmirsənsə, yaradılan epizodların sayının heç bir əhəmiyyəti yoxdur.

İndi günahkar axtarışı başlayacaq. AFFA rəhbərliyini göstərən olacaq, baş məşqçini hədəfə gətirən olacaq, futbolçuları ittiham edənlər tapılacaq. Əslində isə bu dəfə məsuliyyəti bir nəfərin boynuna qoyub rahatlaşmaq mümkün deyil. Azərbaycan futbolunu illərlə bu nöqtəyə gətirən sistemin içində qərar verən, futbolçu hazırlayan, seçim edən, məşq etdirən və meydanda oynayan hər kəs nəticədən öz payını götürməlidir.

Baş məşqçinin də məsuliyyəti var. Amma gəlin bir həqiqəti də etiraf edək: Azərbaycan millisinin Lixtenşteyni Bakıda məğlub etməsi üçün taktiki inqilaba ehtiyacı olmamalıdır. Meydana çıxan futbolçuların səviyyəsi bu rəqibi keçməyə kifayət etməlidir. Əgər bunun üçün də məşqçinin möcüzəsinə ehtiyac duyuruqsa, deməli, problem düşündüyümüzdən qat-qat dərindir.

İllərdir Azərbaycan futbolunda “gənclərin inkişafı”, “akademiya”, “aşağı yaş qrupları”, “perspektivli nəsil” ifadələrini eşidirik. Bəs nəticə haradadır? Milyonlarla manatın dövr etdiyi futbol təsərrüfatı Lixtenşteyn qarşısında qol vura biləcək milli komanda ortaya çıxara bilmirsə, artıq hesabatlardakı rəqəmlərin yox, görülən işin keyfiyyətinin soruşulmasının vaxtıdır.

Bu oyundan sonra azarkeşə “səbirli olun” demək də çətindir. Azərbaycan futbolsevəri onsuz da illərdir səbir edir. Uğursuz seçmə mərhələlərinə, ağır məğlubiyyətlərə, yarımçıq layihələrə, dəyişən məşqçilərə, hər dəfə yenidən başlayan “yeni mərhələ”lərə baxıb gözləyir. Lixtenşteynlə Bakıdakı 0:0-dan sonra həmin azarkeşdən yenə anlayış tələb etmək ədalətli deyil. Milli komanda döyüşməlidir, mübarizə aparmalıdır. Məğlub da ola bilər. Amma canını meydanda qoyaraq uduzar. Sadəcə 18 nəfərin toplandığı adi yığma heç kəsə lazım deyil. Azarkeşlər də bu səbəbdən tribunaları boş qoyur. Bu gedişlə heç dolu gününü görmək də nəsib olmayacaq.

Ən təhlükəlisi isə uğursuzluğun adiləşməsidir. Bir vaxtlar faciə sayılacaq nəticəyə sabah “futboldur, olur” deyib keçəcəyiksə, əsl məğlubiyyət də məhz onda başlayacaq.

Bu nəticə illərdir Azərbaycan futbolunda yığılıb qalan problemlərin 90 dəqiqəyə sığmış görüntüsüdür.

Və bu dəfə güzgüdə görünən mənzərəni dəyişmək üçün güzgünü günahlandırmaq mümkün deyil.