
Misli Premyer Liqasının XXXVI turunun "Şamaxı" - "Qarabağ" matçından (0:1) sonra ev sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
- "Qarabağ"ı təbrik edirəm, Çempionlar Liqasında uğurlar arzulayıram. Azarkeşlərimizə təşəkkür edirəm. Əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Bunun öhdəsindən gələ bildik. Çətin oldu. Tək Premyer Liqada qalmadıq, çox şey qazandıq. Klub olaraq Premyer Liqada möhkəmləndik, bir çox gənc futbolçuları qazandıq. Bu, davam etməlidir. Ümid edirəm ki, çempionatımızda gələn mövsüm bundan da yaxşı mübarizə olacaq.
- Büdcə azalacaq. Klub rəhbərliyi ilə danışığınız olub?
- Bizdən başqa sponsorsuz komanda yoxdur. Komandaya kənardan heç bir dəstək yoxdur. Bu mövsüm ən az büdcə ilə mübarizə apardıq. Dövlətin ayırdığı vəsaitin 500 min manat azalması bizim üçün çox çətin olacaq. Büdcəsi böyük olan bəzi klubların rəsmilərinin müsahibələrini oxuyuram. Hətta onlar da deyir ki, çətin olacaq. Fikirləşirəm ki, görəsən bizim üçün necə təsir edəcək. Bir aydır rəhbərliklə fikir mübadiləsi aparırıq. Bir yola çıxmışıq. Yarımçıq qoymaq istəmirəm. Məşqçi olaraq böyük risklər edirik. Amma inanmıram. Rəhbərlik də fədakarlıq edir, çalışır. Gələn mövsüm buradayıq. Daha gənc, dinamik komanda qurmağa çalışacağıq.
- U-21 millisinə 15 yaşlı Amin Rzayevi dəvət etdiniz. Onunla bağlı fikirləriniz necədir?
- Millinin heyəti genişdir. 4-5 futbolçu var ki, çağıra bilmədim. Gələn toplanışda onları da görmək istəyirəm. Öz klublarında son oyunlarda yaxşı çıxış etdilər. Millidə ancaq 2004 təvəllüdlü futbolçular oynamayacaq. İstedadlı futbolçuların U-21-də tez çıxış etməsinə çalışacağıq. Amini dəvət etmək bütün gənclərə mesajdır ki, onları izləyirik. Ayın 30-u əsas milli ilə oyunumuz olacaq. Hər kəsə şans verməyə çalışacağıq.
- Edqar Adilxanov bu mövsümün ən potensiallı oyunçularından biridir. Onu əsas milliyə layiq görürsüz?
- Milliyə çağırmaq sırf baş məşqçinin qərarıdır. Amma bizim söhbətimiz olur. Tək Edqar deyil. Digər gənc oyunçular da Fernandu Santuşun nəzarətindədir. Milliyə gedib oynamamaq inkişaf deyil. Futbolçuların beynəlxalq təcrübəsi olmalıdır.
- Bu gün heyətdə legionerlərin az olmasının səbəbi nə idi?
- Tirkaveanu zədəlidir. Bizimlə müqaviləsi var. Rikardo Fernandeş, Vladislav və Alfons Msanqa bizimlədir. Digərləri ilə yollarımızı ayırmışıq. Leroy Mikels də tez getmək istədi.