Azər Bağırov: “Daha yaxşı olmağa çalışacağıq”
15.03.2026 - 18:18
Azər Bağırov: “Daha yaxşı olmağa çalışacağıq”

Misli Premyer Liqasının XXIV turunun "Kəpəz" - "Turan Tovuz" matçından (1:1) sonra ev sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, komandamızı sona qədər dəstəklədilər. İnanıram ki, futbolçular bu dəstəyin qarşılığını meydançada verdilər. Yaxşı futbol oynadıq. Texniki baxımdan bəzi çatışmazlıqlarımız var, amma oyundan-oyuna daha yaxşı olmağa çalışacağıq. İstədiyimiz oyunu sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Vaxt keçdikcə oyun baxımından başqa bir “Kəpəz” görəcəyik".

- Jo Batişta ötən turda “Neftçi”yə də oxşar qol vurmuşdu. Bu gün də “Kəpəz”in qapısına yol tapdı. Ani diqqətsizlik oldu ki, qol buraxdınız?    
- Yox, mən elə deməzdim. Səhv oradan başlamadı, daha irəlidə baş verdi. Top bizdə olarkən itirdik və həmin zonanın boş qalması sonda qapımıza vurulan qola gətirib çıxardı. Bir zonanı boşaldırsansa, digər zonalardakı boşluqlar da dərhal görünür. Rauf Hüseynli maksimumu etməyə çalışdı, amma təəssüf ki, ayağı sürüşdü. Biz əks-hücuma keçmək istəyərkən rəqib bizi azlıqda yaxaladı. Futboldur, rəqibin də usta oyunçuları var və onların bacarıqlarını danmaq olmaz.

- “Kəpəz” bu gün bəlkə də ən yaxşı oyununu oynadı. Daim bu cür oynamağa nə mane olur? 
- Son matçlarda “Kəpəz” daha istəkli oynayır. “Sumqayıt” və “Zirə”yə qarşı oyunlarda da bunu görmək mümkün idi. Bu gün “Turan Tovuz”a qarşı da istəkli idik. Qeyri-stabil olduğumuzu deməzdim. Son 4–5 oyundur ki, göz dəyməsin, stabil çıxış edirik. Meydançada əsl futbol oynayırıq və tamaşaçılar maraqlı oyun izlədilər. Futbolçularıma təşəkkür edirəm ki, dediklərimi meydançada həyata keçirdilər.