Azərbaycanın qadın futbolçuları Dünya Kubokunda mübarizə aparacaq
19.06.2026 - 13:32
Azərbaycanın qadın futbolçuları Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) yığma komandası 2026-cı il 6–11 iyul tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçiriləcək Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris-2026-da ölkəmizi təmsil edəcək.

Apasport.az xəbər verir ki, turnir Xüsusi Olimpiya hərəkatının ən nüfuzlu beynəlxalq yarışlarından biri hesab olunur.

Dünya Kubokunda ümumilikdə 24 komanda – 12 kişi və 12 qadın komandası mübarizə aparacaq.

Yarışın əsas məqsədi inklüziv idmanın inkişafına töhfə vermək, idmançılar üçün bərabər imkanlar yaratmaq və sosial inteqrasiyanı gücləndirməkdir. Azərbaycanın qadınlardan ibarət komandası turnirdə 7-yə 7 (7v7) formatında keçiriləcək oyunlarda iştirak edəcək.

Millimiz B qrupunda Namibiya, ABŞ və Qvatemala yığmaları ilə üz-üzə gələcək.

Turnirin açılış qarşılaşması ev sahibi Fransa ilə Seneqal komandaları arasında keçiriləcək. Qaliblərin müəyyənləşəcəyi final oyunları isə iyulun 11-də Parisdə yerləşən Stade Charléty stadionunda baş tutacaq.

Qeyd edək ki, Azərbaycanın 11 nəfərlik qadınlardan ibarət “Birləşmiş Futbol” yığması ölkə daxilində həyata keçirilən Xüsusi Olimpiya proqramları çərçivəsində formalaşdırılıb.