
“Qarabağ”ın futbolçusu Yassin Benzianın yayda komandanı tərk etmək ehtimalının yüksəldiyi iddia edilir.
Onun mövsümün sonunda Azərbaycanı tərk edərək Səudiyyə Ərəbistanına yollanacağı gözlənilir.
Apasport.az saytına verilən məlumata görə, əlcəzairli futbolçunun “Qarabağ”da qalmaq şansı aşağı deyil.
O, komandada qalmağı düşünür. Burda Qurban Qurbanovun istəyi də çox önəmlidir.
53 yaşlı mütəxəssis Benzianı sərəncamında görməyi çox istəyir. Futbolçu da karyerasının eniş dövründə “Qarabağ”da yenidən pik nöqtəyə çatdığı üçün daha bir ili bu klubda keçirməyi düşünür.
Amma maliyyə məsələsi Benzianın seçimində böyük rol oynayacaq. O, maaşının yüksəldilməsi sayəsində Səudiyyə Ərəbistanı və Qətər klublarına yox deyərək, “Qarabağ”da qala bilər.
Əlavə edək ki, 30 yaşlı futbolçu 2023-cü il yanvarın 26-da “Qarabağ”a keçib. Benzianın klubla müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.