“Hazırda liderik, lakin arxayınlaşmaq olmaz. Əksinə, mövqeyimizi qoruyub saxlamalıyıq”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan II Liqasında çıxış edən “Xankəndi” klubunun futbolçusu Əziz Hüseynov deyib.
O, çempionluq mübarizəsindən danışıb: “Qaradağ Lökbatan” komandası ilə aramızda gərgin mübarizə gedir. İlk dövrədə onlara məğlubiyyətimizi şanssızlıqla əlaqələndirərdim. Futbolçular pis təsir bağışlamadılar, sadəcə yaratdığımız fürsətlərdən istifadə edə bilmədik. Bu, futbolda olur. Həmin oyundan sonra komanda daha da ciddi işləməyə başladı və ardıcıl qələbələr qazandıq. İnanıram ki, ikinci dövrədə də eyni oyunumuzu davam etdirib rəqiblərimizdən bir qədər də uzaqlaşacağıq”.
33 yaşlı müdafiəçi sabah “Şəki” ilə keçiriləcək qarşılaşma barədə də fikirlərini bölüşüb: “Ümumiyyətlə, hər oyuna ciddi yanaşırıq. Bütün matçlara final kimi baxırıq və rəqibləri bir-birindən fərqləndirmirik. Komandada ümumi ab-hava çox yüksəkdir. Hər bir futbolçu üzərinə düşən işi canla-başla və layiqincə yerinə yetirməyə çalışır. Oyunlara çox ciddi yanaşırıq. Bizim yalnız bir məqsədimiz var - çempion olmaq və I Liqaya vəsiqə qazanmaq”.
Əziz Hüseynov komandanın infrastrukturu və gələcək planları barədə də danışıb: “Hazırda məşqlərimizi “Neftçi” futbol klubunun idman mərkəzində edirik. Orada yer olmadıqda isə digər meydançalarda çalışırıq. Ev oyunlarımızı İsmət Qayıbov adına stadionda keçiririk. Əsas məqsədimiz doğma diyarımız - Xankəndiyə qayıtmaqdır. Azarkeşlərimiz önündə oynamaq istəyirik. Bildiyiniz kimi, orada hazırda yenilənmə işləri aparılır və yaxın bir-iki ay ərzində başa çatması gözlənilir. Biz çempion olub Xankəndiyə qayıtmağı hədəfləyirik”.