Dambrauskas: “Oyunumuza yeni komponentlər əlavə etməliyik”
19.06.2026 - 13:56
Dambrauskas: “Oyunumuza yeni komponentlər əlavə etməliyik”

"Sabah" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS klubu ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə verdiyi açıqlamada püşkü dəyərləndirib:

"İlk növbədə düşünürəm ki, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionu olmuş və Avropada kifayət qədər tanınan komandadır. Onlar daxili çempionatda 10 ildən artıqdır dominantlıq edirlər. Düşünürəm ki, necə oynamağından, hansı futbolu sərgiləməyindən asılı olmayaraq, əsas məsələ mentalitetdir. Hər oyuna qələbə üçün çıxmaq mentalitetini formalaşdırmalısan. Bu da göstərir ki, hər bir rəqibə hörmət etməli və özünü ən yaxşı şəkildə hazırlamalısan. Amma onu da demək istəyirəm ki, püşk haqqında, bizə hansı komandanın düşməsi barədə soruşanda, məncə, bu, tamamilə ikinci dərəcəli məsələdir, ümumiyyətlə o qədər də önəmli deyil. Ən vaciB olan sənin necə hazırlaşmağın, hansı formada olmağın, nə qədər istəkli və intizamlı olmağındır. Çünki rəqibin kim olmasından asılı olmayaraq, əgər sən özünü yaxşı hazırlamısansa, qələbəni təmin edəcəksən.

Bəlkə bu, çox sadə səslənir, amma hər kəs futbol oynamağı bilir. İki oyunda evdə və səfərdə hər şey baş verə bilər. Ona görə də indi etməli olduğumuz əsas şey bu təlim-məşq toplanışına böyük istək, möhtəşəm münasibət və düzgün yanaşma ilə başlamaqdır. Bu iki həftə ərzində ən yüksək səviyyədə hazırlaşmalı, yoldaşlıq oyunları keçirməli, oyun üslubumuzu yeniləməliyik. Oyunumuza yeni komponentlər əlavə etməliyik, əvvəl sahib olduğumuz keyfiyyətləri daha da inkişaf etdirməliyik və futbolçulara hansı oyunu oynamaq istədiyimizi xatırlatmalıyıq. Məncə, sən yaxşı hazırlaşanda nəticə özü gəlir".