[b]DÇ-2018: Almaniya – DOSYE[/b]
05.06.2018 - 11:14
[b]DÇ-2018: Almaniya – DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 9 gün qalır. Növbəti dosyemiz Almaniya yığması haqqındadı.

 

Almaniya

FIFA sıralaması: 1-ci yer

Dünya çempionatlarında iştirak sayı: 18 (1934, 1938, 1954, 1958, 1962, 1966, 1970, 1974, 1978, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 106 (66 qələbə, 20 heç-heçə, 20 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 224-121

Ən yaxşı nəticə: Çempionluq (1954, 1974, 1990, 2014)

Dünya çempionatlarında ən çox oyun keçirən almaniyalı futbolçu: Lotar Matteus – 25 oyun (1982, 1986, 1990, 1994, 1998)

Dünya çempionatlarında ən çox qol vuran almaniyalı futbolçu: Miroslav Kloze – 16 qol (2002 (5), 2006 (5), 2010 (4), 2014 (2)

 

Avropanı təmsil edən yığma komandaların tarixində bənzərinə rast gəlmədiyimiz formada – 10 təsnifat oyununda 30 xal toplayaraq dünya çempionatına vəsiqə qazanan Almaniyanın uğuru uzun müddət təkrarlanmayacaq kimi görünür. Yoahim Lövün yetirmələri maksimum nəticə göstərməklə yanaşı, +39 qol fərqinə sahib idilər. Ən az 21 oyunçunun qol yollarında komandaya faydalı olması Lövü sevindirməyə bilməz. “Bundestim” təsnifatdakı möhtəşəm oyununu Rusiyada da davam etdirib, ardıcıl ikinci çempionluğunu qazana biləcəkmi? – hamının cavabını maraqla gözlədiyi suallardan birinə önümüzdəki bir ay ərzində aydınlıq gələcək.

 

Baş məşqçi

Yoahim Löv: 58 yaş (03.02.1960)

Yürgen Klinsmannın müqavilə yeniləməməsinin ardından 2006-cı ilin iyulunda milliyə baş məşqçi təyin olunan Lövün yeni sazişi 2020-ci ildə başa çatır. O, hazırda Avropada ən uzun müddət bir yığma komandaya rəhbərlik edən mütəxəssisdi. Lövün rəhbərliyi altında “Bundestim” 2014-cü ildə dünya çempionatının, 2017-ci ildə isə Konfederasiyalar kubokunun qalibi olub. Bunlarla yanaşı, komanda DÇ-2010-da üçüncülük, Avro-2008-də isə ikinciliklə kifayətlənib.

 

Ulduz

Toni Kroos: 28 yaş (04.01.1990)

Öz generasiyasının ən yaxşı yarımmüdafiəçilərindən hesab olunan Toni Kroos komandasının 2014-cü ildə qazandığı dünya çempionluğunda ən böyük pay sahibi olan futbolçulardan biri idi. 28 yaşlı futbolçu yığmanın heyətində 2010-cu ilin martında Argentina ilə oynanılan yoldaşlıq görüşündə debüt edib. Milli ilə birlikdə dünya çempionatının qalibi olan Kroos həmçinin “Bavariya” ilə 1 dəfə, Madrid “Real”ı ilə isə 3 dəfə Çempionlar Liqasında çempionluq yaşayıb.

 

Dünya çempionatına gedən yol: Həlledici məqamlar

 

2016-cı il, sentyabr

Manuel Noyer yığmanın kapitanı kimi ilk matçına çıxır, Tomas Müller isə 10 ay sonra millidə “qol orucu”nu pozur. Nəticə: Norveç-Almaniya – 0:3.

2016-cı il, oktyabr

Hanoverdə oynanılan matçda Şimali İrlandiya üzərində qazanılan 2:1 hesablı qələbə 3 oyunda 3 qalibiyyət anlamına gəlirdi.

2017-ci il, sentyabr

Mats Hummelsin başla vurduğu qol Çexiya üzərində səfər qələbəsini təmin edir – 2:1. Praqa tribunalarındakı nazi dəstəkçilərinin hərəkətlərinə görə əsəbiləşən yığma üzvləri final fitindən sonra qələbəni fanatları ilə birlikdə qeyd etməkdən imtina edirlər.

2017-ci il, oktyabr

Azərbaycan millisi üzərində 5:1 hesablı qələbə qazanılır. Bu, 10 oyunda 10 qələbə demək idi. Beləliklə, Almaniya maksimum nəticə göstərərək Rusiyanın yolunu tutur.

 

Dünya çempionatına hazırlıq

“Bundestim” mundial hazırlıqları çərçivəsində 4 hazırlıq görüşü planlaşdırmışdı. Bu oyunlardan 3-ü artıq geridə qalıb. İspaniya ilə bərabərliyə (1:1) razı olan Almaniya Braziliya (0:1) və Avstriyaya (1:2) məğlub olub. Qarşıda Yoahim Lövün yetirmələrini iyunun 8-də Səudiyyə Ərəbistanı ilə oyun gözləyir.

 

Dünya çempionatında

Almaniya millisi mundialda İsveç, Meksika və Cənubi Koreya ilə birlikdə F qrupunda mübarizə aparacaq. “Bundestim”in DÇ-2018-dəki ilk rəqibi Meksika olacaq. Ardınca Almaniya İsveçlə üz-üzə gələcək. Yoahim Lövün yetirmələri qrup mərhələsinin sonuncu matçında isə Cənubi Koreya ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Qrup mərhələsi

F qrupu

I tur

17 iyun

19:00. Almaniya – Meksika

“Lujniki”, Moskva

 

II tur

23 iyun

22:00. Almaniya – İsveç

“Fişt”, Soçi

 

III tur

27 iyun

18:00. Cənubi Koreya – Almaniya

“Kazan Arena”, Kazan

 

Yekun iştirak ərizəsi

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Mark-Andre Ter Ştegen (“Barselona”), Kevin Trapp (PSJ);

Müdafiəçilər: Cerom Boatenq, Mats Hummels, Yozua Kimmix, Niklas Züle (hamısı “Bavariya”), Mattias Ginter (“Borussiya M”), Yonas Hektor (“Köln”), Marvin Plattenhardt (“Herta”), Antonio Rüdiger (“Çelsi”);

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Yulian Draksler (PSJ), Leon Qoretska, Sebastyan Rudi (hər ikisi “Bavariya”) İlkay Gündogan (“Mançester Siti”), Sami Hedira (“Yuventus”), Toni Kroos (“Real”), Məsut Özil (“Arsenal”);

Hücumçular: Mario Qomes (“Ştutqart”), Marko Roys (“Borussiya D”), Timo Verner (“Leyptsiq”), Tomas Müller (“Bavariya”).