[b]DÇ-2018: Cənubi Koreya - DOSYE[/b]
05.06.2018 - 16:44
[b]DÇ-2018: Cənubi Koreya - DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 9 gün qalır. Növbəti dosyemiz Cənubi Koreya millisi haqqındadı.

Cənubi Koreya

FIFA sıralaması: 61-ci yer

Dünya çempionatlarında iştirak sayı: 9 (1954, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014)

Dünya çempionatlarında oyun sayı: 31 (5 qələbə, 9 heç-heçə, 17 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 31-67

Ən yaxşı nəticə: Dördüncülük (2002)

Dünya çempionatlarında ən çox oyun keçirən cənubi koreyalı futbolçu: Hon Myön Bo – 16 oyun (1990, 1994, 1998, 2002)

Dünya çempionatlarında ən çox qol vuran cənubi koreyalı futbolçular: An Con Hvan, Park Ci Sunq – hər ikisi 3 qol

Baş məşqçi

Sin Txe Yön: 49 yaş (11.04.1969)

Uli Ştilikenin ayrılmasından sonra 2017-ci ilin iyulunda baş məşqçi postuna gətirilən Sin Txe Yön komandanı çətin vəziyyətdən çıxararaq, tarixində 10-cu dəfə dünya çempionatına yüksəlməsinə yardımçı oldu. Sabiq yarımmüdafiəçi kimi millinin şərəfini qorumuş Sin Txe daha öncə 20 yaşadək futbolçulardan ibarət yığmanı çalışdırıb, həmçinin 2010-cu ildə “Sonnam”da işləyərkən Asiya Çempionlar Liqasının qalibi olub.

Ulduz

Son Hın Min: 25 yaş (08.07.1992)

Son Hın Min 2010-cu ilin dekabrında, Qətərdə keçirilən Asiya kuboku öncəsi Suriya ilə oynanılan hazırlıq matçında yığmanın formasını ilk dəfə geyinib. İndiyə kimi millidə 65 matçda meydana çıxan 25 yaşlı futbolçu rəqib qapıçıları 21 dəfə məyus edib. 2015-ci ildə Leverkuzen “Bayer”ini “Tottenhem”ə dəyişən Son Hın Minin ulduzu məhz London klubundakı çıxışı ilə parlayıb.

Dünya çempionatına gedən yol: Həlledici məqamlar

2016-cı il, noyabr

Bir öncəki təsnifat matçında İrana məğlub olan Cənubi Koreyanı bu səfər son dəqiqələrdə Ku Ca Çxol xilas edir. Onun qolu sayəsində çətinliklə olsa da, Özbəkistan məğlub edilir.

2017-ci il, mart

Qonşu Çinlə oynanılan görüşdə qeydə alınan məğlubiyyət məşqçi Uli Ştilikeni təhlükə zolağına atır. Ölkə daxilində alman çalışdırıcıya qarşı təzyiqlər artır.

2017-ci il, iyun

Cənubi Koreya A qrupunun sonuncusu Qətərə də uduzduqdan sonra baş məşqçi Uli Ştilike ilə yollar ayrılır. Ki Son Yön və Son Hın Minin də sözügedən matçda oynamaması nəticəyə birbaşa təsir göstərmişdi.

2017-ci il, sentyabr

Özbəkistan üzərində qazanılacaq qələbə Rusiyaya vəsiqəni təmin edəcəkdi. Lakin görüş qolsuz bərabərliklə başa çatır. Bu səfər koreyalıların imdadına İran yetişir. Suriyanın səfərdə İranı məğlub edə bilməməsi nəticəsində Cənubi Koreya qazandığı 1 xala rəğmən, mundialda çıxış etmək haqqı qazanır.

 

Dünya çempionatına hazırlıq

Cənubi Koreya bu günə kimi mundial hazırlıqları ərəfəsində 7 görüş keçirib. Moldova (1:0) və Latviya (1:0) üzərində qələbə qazanılıbsa, Şimali İrlandiya (1:2), Polşa (2:3), Bosniya və Herseqovina (1:3) ilə görüşlərdə məğlubiyyət qeydə alınıb. Yamayka ilə oyun isə 2:2 hesablı bərabərliklə yekunlaşıb. Asiyalılar iyunun 7-də Boliviya, 11-də isə Seneqalla hazırlıq matçı keçirəcəklər.

Dünya çempionatı

Cənubi Koreya mundialda Almaniya, Meksika və İsveçlə birlikdə F qrupunda mübarizə aparacaq.

Qrup mərhələsi

F qrupu

I tur

18 iyun

16:00. İsveç – Cənubi Koreya

Nijni Novqorod şəhər stadionu, Nijni Novqorod

 

II tur

23 iyun

19:00. Cənubi Koreya – Meksika

“Rostov Arena”, Rostov

 

III tur

27 iyun

18:00. Cənubi Koreya – Almaniya

“Kazan Arena”, Kazan

 

Yekun iştirak ərizəsi

Qapıçılar: Kim Sın Qyu (“Vissel Kobe”), Kim Çjin Hen (“Sereso Osaka”), Ço Hyun U (“Tequ”);

Müdafiəçilər: Kim Yen Qvon (“Quançjou Everqrand”), Çan Hen Su (“Tokio”), Çon Sın Hen (“Saqan Tosu”), Yun Yen Son (“Sonnam”), O Ban Suk, Li Yen (hər ikisi “Çedju Yunayted”), Kim Min U, Hon Çxol (hər ikisi “Sandju Sanmu”), Pak Çu Ho (“Ulsan Hende”), Ko Ye Xan (“Seul”);

Yarımmüdafiəçilər: Ki Son Yön (“Suonsi Siti”), Çon U Yen (“Vissel Kobe”), Çu Se Çon (“Asan Muqunha”), Ku Ca Çxol (“Auqsburq”), Li Ce Son (“Çonbuk”), Li Sın U (“Verona”), Mun Son Min (“İnçxon Yunayted”);

Hücumçular: Kim Sin Uk (“Çonbuk”), Son Hın Min (“Tottenhem”), Hvan Hi Çan (“Zaltsburq”).