Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 9 gün qalır. Növbəti dosyemiz İsveç millisinə həsr olunub.
İsveç
FIFA sıralaması: 23-cü yer
Dünya çempionatlarında iştirak sayı: 11 (1934, 1938, 1950, 1958, 1970, 1974, 1978, 1990, 1994, 2002, 2006)
Dünya çempionatlarında oyun sayı: 46 (16 qələbə, 13 heç-heçə, 17 məğlubiyyət)
Vurulan-buraxılan qol sayı: 74-69
Ən yaxşı nəticə: İkincilik (1958)
Dünya çempionatlarında ən çox oyun keçirən isveçli futbolçu: Henrik Larsson – 13 oyun (1994, 2002, 2006)
Dünya çempionatlarında ən çox qol vuran isveçli futbolçular: Kennett Andersson, Henrik Larsson – hər ikisi 5 qol
Baş məşqçi
Yan Andersson: 55 yaş (29.09.1962)
Yan Andersson 2016-cı ildə İsveç yığma komandasına baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında skandinavlar pley-offda İtaliya kimi güclü millini mübarizədən kənarlaşdırıblar və Rusiyaya “bilet” qazanıblar. Qeyd edək ki, daha öncə Yan Andersson kiçik bir “möcüzə”ni reallaşdıraraq, 2015-ci ildə çalışdırdığı “Norrçöpinq” klubuna İsveç çempionatında çempionluq qazandırmışdı.
Ulduz
Markus Berq: 31 yaş (17.08.1986)
Berq ilk dəfə 2018-ci ilin fevralında Türkiyə ilə oynanılacaq yoldaşlıq görüşü üçün İsveç yığmasına çağrılıb. Bu müddət ərzində o, 55 matçda meydana çıxıb və rəqib qapılarına 18 dəfə yol tapıb. Zlatan İbrahimoviçin yoxluğunda, şübhəsiz ki, təsnifat mərhələsində 8 qolla yadda qalan Markus Berq komandanın əsas ulduzudu.
Dünya çempionatına gedən yol: Həlledici məqamlar
2016-cı il, iyun
İsveç futbolunun dünya arenasındakı əsas siması Zlatan İbrahimoviç milli karyerasına son qoyur. Baş məşqçi Yan Anderssonun vəziyyətlə barışıb, yoluna onsuz davam etməkdən başqa seçimi yox idi.
2016-cı il, sentyabr
Bir tərəfdə əks-hücumlara bel bağlayan İsveç, digər tərəfdə topa daha çox sahib olan, rəqibindən iki dəfə artıq dəqiq ötürmə verən və hücum edən tərəf Hollandiya. Buna rəğmən, ilk təsnifat matçı 1:1 hesablı bərabərliklə yekunlaşır.
2017-ci il, iyun
Fransa önündə hesabda geri düşmələrinə baxmayaraq, Yan Anderssonun yetirmələri böyük əzm nümayiş etdirərək, geri dönüş edirlər. Son dəqiqələrdə qapıçı Uqo Lyorisin səhvi nəticəsində Ula Toyvonen komandasına qələbə qazandırır.
2017-ci il, noyabr
Yohanssonun vurduğu qol sayəsində evdə qələbə qazanan İsveç pley-off cavab matçında fərqlənə bilməsə də, qapısında qol görmür. İki oyunun ümumi nəticəsinə görə İtaliyanı 1:0 üstələyən skandinavlar dünya çempionatına vəsiqəni təmin edirlər.
Dünya çempionatına hazırlıq
Mundiala hazırlıq məqsədilə 4 görüş planlaşdıran İsveç artıq bu oyunlardan üçünü keçirib. Çili (1:2) və Rumıniyaya (0:1) uduzan “sarı-göylər” Danimarka ilə bərabərliyə razı olublar. Növbədə Peru ilə oyun var.
Dünya çempionatında
İsveç millisi mundialda Almaniya, Meksika və Cənubi Koreya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Skandinaviyalılar ilk oyunda Cənubi Koreya ilə qarşılaşacaqlar. Ardınca İsveç qrupun favoriti Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrup mərhələsinin sonuncu matçında isə rəqib Meksika olacaq.
Qrup mərhələsi
F qrupu
I tur
18 iyun
16:00. İsveç – Cənubi Koreya
Nijni Novqorod şəhər stadionu, Nijni Novqorod
II tur
22:00. Almaniya – İsveç
“Fişt”, Soçi
III tur
18:00. Meksika – İsveç
“Yekaterinburq Arena”, Yekaterinburq
İştirak ərizəsi
Qapıçılar: Robin Olsen (“Kopenhagen”, Danimarka), Karl-Yohan Yonsson (“Genqam”, Fransa), Kristoffer Nordfeldt (“Suonsi”, İngiltərə);
Müdafiəçilər: Mikael Lustiq (“Seltik”, Şotlandiya), Viktor Lindelef (“Mançester Yunayted”, İngiltərə), Andreas Qrankvist (“Krasnodar”, Rusiya), Lüdviq Auqustinsson (“Verder”, Almaniya), Emil Kraft, Filip Helander (hər ikisi “Bolonya”, İtaliya), Pontus Yansson (“Lids”, İngiltərə), Martin Olsson (“Suonsi”, İngiltərə);
Yarımmüdafiəçilər: Emil Forsberq (“Leypsiq”, Almaniya), Viktot Klasson (“Krasnodar”, Rusiya), Albin Ekdal (“Hamburq”, Almaniya), Sebastyan Larsson (“Hall Siti”, İngiltərə), Cimmi Durmaz (“Tuluza”, Fransa), Markus Roden (“Krotone”, İtaliya), Oskar Hilyemark (“Cenoa”, İtaliya), Qustav Svensson (“Sietl”, ABŞ);
Hücumçular: Ula Toyvonen (“Tuluza”, Fransa), Markus Berq (“Əl-Əyn”, BƏƏ), Yon Qvidetti (“Alaves”, İspaniya), İsaak Kise Telin (“Vasland-Beveren”, Belçika).
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır