Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 10 gün qalır. Növbəti dosyemiz Kosta-Rika yığması haqqındadı.
Kosta-Rika
FIFA sıralaması: 25-ci yer
Dünya çempionatlarında iştirak sayı: 4 (1990, 2002, 2006, 2014)
Dünya çempionatlarında oyun sayı: 15 (5 qələbə, 4 heç-heçə, 6 məğlubiyyət)
Vurulan-buraxılan qol sayı: 17-23
Ən yaxşı nəticə: 1/4 final (2014)
Dünya çempionatlarında ən çox oyun keçirən kosta-rikalı futbolçular: Kristian Bolanyos, Maykl Umanya – hər ikisi 7 oyun
Dünya çempionatlarında ən çox qol vuran kosta-rikalı futbolçular: Ronald Qomes, Paulo Vançope – hər ikisi 3 qol
Dünya çempionatına gedən yol: Həlledici məqamlar
2016-cı il, noyabr
Trinidad və Tobaqo səfərində qazanılan qələbə (2:1), ardınca evdə ABŞ millisinin 4:0 hesabı ilə məğlub edilməsi – bütün bunlar yaxşı başlanğıcın müjdəçisi idi.
2017-ci il, mart
Meksika qarşısında alınan 0:2 hesablı məğlubiyyət və Hondurasla görüşdəki heç-heçə nəticəsində Kosta-Rika turnir cədvəlində ikinci pilləyə endi.
2017-ci il, sentyabr
Markos Urenyanın dublu sayəsində “qırmızı-göylər” ABŞ səfərində üç xal qazanırlar.
2017-ci il, oktyabr
Kosta-Rika ardıcıl ikinci dəfə dünya çempionatına vəsiqəni təmin edir. Ancaq son üç matçda komandanın qələbə üzünə həsrət qalması uğura kölgə salırdı.
Baş məşqçi
Oskar Ramires: 53 yaş (08.12.1964)
Oskar Ramires 2015-ci ilin oktyabrında – Paulo Vançope ilə yollar ayrıldıqdan sonra baş məşqçi postuna gətirilib. O, futbolçu kimi 1990-cı ildə keçirilən dünya çempionatında Kosta-Rika millisinin formasını geyinib. Karyerasını bitirdikdən sonra isə “Saprissa”da və yığma komandada texniki köməkçi kimi çalışıb. “Alaxuelense” onun rəhbərliyi altında 5 titul qazanıb.
Ulduz
Brayan Ruis: 32 yaş (18.08.1985)
32 yaşlı futbolçu təsnifat mərhələsində 3 dəfə rəqib qapılarına yol tapıb. İkinci hücumçu kimi də oynaya bilən hücumameylli yarımmüdafiəçi Brayan Ruisin Kosta-Rikanın DÇ-2014-də 1/4 finala yüksəlməsində də payı böyük idi. İlk dəfə 2005-ci ildə Çinlə oynanılan görüşdə debüt edən 32 yaşlı futbolçu bu müddət ərzində 101 matçda meydana çıxıb və 23 qol vurub.
Dünya çempionatına hazırlıq
Kosta-Rika yığması mundial hazırlıqları çərçivəsində 5 yoldaşlıq görüşü planlaşdırıb. Sözügedən oyunlardan artıq ikisi geridə qalıb. Şotlandiyaya qalib gələn (1:0) “qırmızı-göylər” Tunisə eyni hesabla məğlub olublar. Qarşıda Kosta-Rikanı Şimali İrlandiya, İngiltərə və Belçika ilə görüşlər gözləyir.
Dünya çempionatında
Kosta-Rika yığması DÇ-2018-dəki ilk görüşündə Serbiya ilə üz-üzə gələcək. Ardınca rəqib qrupun favoriti Braziliya olacaq. Nəhayət, qrup mərhələsinin sonuncu turunda Kosta-Rika İsveçrə ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qrup mərhələsi
E qrupu
I tur
16:00. Kosta-Rika – Serbiya
“Samara Arena”, Samara
II tur
16:00. Braziliya – Kosta-Rika
Sankt-Peterburq şəhər stadionu, Sankt-Peterburq
III tur
22:00. İsveçrə - Kosta-Rika
Nijni-Novqorod şəhər stadionu, Nijni-Novqorod
Yekun iştirak ərizəsi
Qapıçılar: Keylos Navas (“Real”), Patrik Pemberton (“Alaxuelense”), Leonel Moreyra (“Herediano”);
Müdafiəçilər: Kristian Qamboa (“Seltik”), Yan Smit (“Norrçöpinq”), Ronald Matarrita (“Nyu-York Siti”), Brayan Ovyedo (“Sanderlend”), Oskar Duarte (“Espanyol”), Cankarlo Qonsales (“Bolonya”), Fransisko Kalvo (“Minnesota Yunayted”), Kendall Uoston (“Vankuver Uaytkeps”), Conni Akosta (“Rionerqo Aqilas”);
Yarımmüdafiəçilər: David Qusman (“Portlend Timbers”), Yeltsin Texeda (“Lozanna”), Selso Borxes (“Deportivo”), Rendall Asofeyfa (“Erediano”), Rodni Uollas (“Nyu-York Siti”), Brayan Ruis (“Sportinq”), Daniel Kolindres, Kristian Bolanyos (“Deportivo Saprissa”);
Hücumçular: Yohan Veneqas (“Deportivo Saprissa”), Joel Kempbell (“Betis”), Marko Urena (“Los-Anceles”).
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır