[b]DÇ-2018: Tunis - DOSYE[/b]
07.06.2018 - 11:23
[b]DÇ-2018: Tunis - DOSYE[/b]

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 7 gün qalır. Növbəti dosye Tunis millisi haqqındadı.

 

Tunis

FIFA sıralaması: 14-cü yer

Dünya çempionatlarında iştirak sayı: 4 (1978, 1998, 2002, 2006)

Dünya çempionatlarında oyun sayı: 12 (1 qələbə, 4 heç-heçə, 7 məğlubiyyət)

Vurulan-buraxılan qol sayı: 8-17

Ən yaxşı nəticə: Qrup mərhələsi (1978, 1998, 2002, 2006)

Dünya çempionatlarında ən çox oyun keçirən tunisli futbolçular: Riad Buazizi, Kais Qodbane – hər ikisi 8 oyun

Dünya çempionatlarında ən çox qol vuran tunisli futbolçular: Muxtar Duieb, Nejib Qommid, Əli Kaabi, Skander Suaya, Rauf Buzayen, Radhi Jaidi, Ziad Jaziri, Cavar Mnari – hamısı 1 qol

Baş məşqçi

Nabil Maalul: 55 yaş (25.07.1962)

Nabil Maalul 2017-ci ilin aprel ayında yığmaya baş məşqçi təyin olunub. O, 2011-ci ildə “Esperans”la Afrika Çempionlar liqasının qalibi olmaqla, adından söz etdirmişdi. Maalulun rəhbərliyi altında 9 matçda meydana çıxan Tunis məğlubiyyətin nə olduğunu bilmir.

Ulduz

Vaxbi Xazri: 27  yaş (08.02.1991)

Hücumameylli yarımmüdafiəçi bu mövsüm “Renn”də karyerasının ən yaxşı oyununu keçirdi desək, yanılmarıq. O, Tunisin 12 il sonra yenidən dünya arenasına qayıtmasında ən böyük pay sahiblərindən biri idi. İkinci etapda Mavritaniyanın, 2016-cı ilin noyabrında isə Liviyanın qapısına vurduğu qollar hələ də unudulmur.

 

Dünya çempionatına gedən yol: Həlledici məqamlar

2017-ci il, fevral

Afrika Millətlər Kubokunun 1/4 finalında Burkina Faso qarşısında davam gətirə bilməyən millinin baş məşqçisi Henrik Kasperçak postunu tərk edir.

2017-ci il, sentyabr

Qilan Şalalinin ikinci hissənin startında vurduğu qol həlledici olur. Tunis qrupdakı əsas rəqibi - Konqo Demokratik Respublikasını 2:1 hesabı ilə məğlub edir. Üç gün sonra səfərdə oynanılan matçda isə Tunis 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq, geri dönüş edərək, 1 xala razı olur.

2017-ci il, oktyabr

Nabi Keytanın qoluna rəğmən, Qvineya qarşısında het-trikini rəsmiləşdirən Yussef Msakninin sayəsində Tunis dünya çempionatına vəsiqəni təmin edir.

Dünya çempionatına hazırlıq

Tunis mundial hazırlıqları çərçivəsində keçirdiyi sınaq məqsədli oyunların ilk ikisində İran və Kosta-Rika qarşısında qələbəyə sevinib. Portuqaliya və Türkiyə ilə görüşlərin hər ikisində isə 2:2 hesablı bərabərlik qeydə alınıb. Qarşıda afrikalıları İspaniya ilə oyun gözləyir.

 

Dünya çempionatında

Tunis mundialda Belçika, İngiltərə və Panama yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Qrup mərhələsi

G qrupu

I tur

18 iyun

22:00. Tunis – İngiltərə

“Volqoqrad Arena”, Volqoqrad

 

II tur

23  iyun

16:00. Belçika – Tunis

“Otkrıtıe Arena”, Moskva

 

III tur

28 iyun

22:00. Panama – Tunis

“Mordovia Arena”, Saransk

Yekun iştirak ərizəsi

Qapıçılar: Aymen Matluti ("Əl-Batin"), Faruk Ben-Mustafa ("Əş-Şabab"), Mue Assen ("Şatoru").

Müdafiəçilər: Həmdi Naqqez ("Zamalek"), Dilan Bronn ("Gent"), Rami Bedui ("Setif"), Yoan Benaluan ("Lester Siti"), Siam Ben-Yussef ("Kasımpaşa"), Yassin Meriya ("Sfaksyen"), Ussama Haddadi ("Dijon"), Ali Maalul ("Əl-Əhli Ciddə").

Yarımmüdafiəçilər: Elye Skiri ("Monpelye"), Məhəmməd Ben-Amor ("Əl-Əhli Ciddə"), Qilan Şalali ("Esperans"), Fercani Sassi ("Ən-Nasr"), Əhməd Xəlil ("Klub Afriken"), Saif-Ədin Haui ("Trua").

Hücumçular: Fəxrəddin Ben-Yussef ("Əl-İttifaq"), Vaxbi Xazri ("Renn"), Anis Badri ("Esperans"), Bassem Srarfi ("Nitsa"), Nais Sliti ("Dijon"), Saber Xelifa ("Klub Afriken").