Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının startına 6 gün qalır. Sonuncu dosyemiz Yaponiya millisi haqqındadı.

Yaponiya
FIFA sıralaması: 61-ci yer
Dünya çempionatlarında iştirak sayı: 5 (1998, 2002, 2006, 2010, 2014)
Dünya çempionatlarında oyun sayı: 17 (4 qələbə, 4 heç-heçə, 9 məğlubiyyət)
Vurulan-buraxılan qol sayı: 14-22
Ən yaxşı nəticə: 1/8 final (2002, 2010)
Dünya çempionatlarında ən çox oyun keçirən yaponiyalı futbolçu: Hidetosi Nakata – 10 oyun (1998, 2002, 2006)
Dünya çempionatlarında ən çox qol vuran yaponiyalı futbolçu: Keysuke Honda – 3 qol (2010, 2014)

Baş məşqçi
Akira Nisino: 63 yaş (07.04.1955)
Akira Nisino futbolçu kimi 1977-ci ildə Yaponiya millisinin heyətində dünya çempionatının 4 təsnifat matçında forma geyib. O, 2018-ci ilin aprelində yığmanın baş məşqçisi postunda Vahid Halilhodziçi əvəzləyib. 63 yaşlı mütəxəssis 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında Yaponiya yığmasına rəhbərlik edib. Bununla yanaşı, Nisino “Qamba Osaka” ilə birlikdə Klublararası dünya çempionatının yarımfinalına qədər irəliləyə bilib.

Ulduz
Maya Yoşida: 29 yaş (24.08.1988)
Yoşida əsas yığmanın heyətində ilk dəfə 2010-cu ilin yanvarında Asiya kubokunun təsnifat mərhələsi çərçivəsində Yəmənlə oynanılan görüşdə debüt edib. 2012-ci ildən bəri Premyer Liqa klublarından “Sauthempton”un formasını geyən 29 yaşlı müdafiəçi millisinin son iki mundialda iştirak etməsində ən böyük pay sahibi olan futbolçulardan biridi.
Dünya çempionatına gedən yol: Həlledici məqamlar
2015-ci il, iyun
Yaponiya evdə Sinqapur qolsuz bərabərliyə razı olur. Buna baxmayaraq, “samuraylar” ikinci təsnifat mərhələsini digər bütün görüşlərdə qələbə qazanaraq, həm də qol buraxmadan lider kimi tamamlayırlar.
2016-cı il, sentyabr
Yaponiya əsas təsnifat mərhələsinin açılış matçında doğma meydanda BƏƏ-yə 1:2 hesabı ilə uduzur. Ancaq bu məğlubiyyətin ardından yaponların yüksəlişi başlayır.
2016-cı il, noyabr
Şübhəli penalti oyunun nəticəsini müəyyənləşdirir. Yaponiya qrupdakı əsas rəqiblərindən Səudiyyə Ərəbistanına qalib gəlir – 2:1.
2017-ci il, avqust
Avstraliya üzərində qazanılan 2:0 hesablı qələbə Yaponiyanın Rusiyaya “bilet” qazanması anlamına gəlirdi. Asiya təmsilçisi 8-ci cəhdində ilk dəfə təsnifat mərhələsində “kenqurular”ı məğlub etmişdi.

Dünya çempionatına hazırlıq
Yaponiya mundial hazırlıqları çərçivəsində bu günə kimi 3 yoxlama görüşü keçirib. Mali ilə 1:1 hesablı bərabərliyə razı olan “samuraylar” Ukrayna (1:2) və Qanaya (0:2) uduzub. İrəlidə İsveçrə və Paraqvayla oynanılacaq daha iki hazırlıq matçı planlaşdırılır.
Dünya çempionatında
Yaponiya mundialda Polşa, Kolumbiya və Seneqal yığmaları ilə birlikdə H qrupunda mübarizə aparacaq.
Qrup mərhələsi
H qrupu
I tur
19 iyun
16:00. Kolumbiya – Yaponiya
“Mordovia Arena”, Saransk
II tur
24 iyun
19:00. Yaponiya – Seneqal
“Yekaterinburq Arena”, Yekaterinburq
III tur
28 iyun
18:00. Yaponiya – Polşa
“Volqoqrad Arena”, Volqoqrad
Yekun iştirak ərizəsi
Qapıçılar: Eyi Kavasima ("Mets", Fransa), Masaaki Hiqasiquçi ("Qamba Osaka"), Kosuke Nakamura ("Kasiva");
Müdafiəçilər: Yuto Naqatomo ("Qalatasaray", Türkiyə), Götoku Sakai ("Hamburq", Almaniya), Tomoaki Makino ("Urava"), Qen Şoji, Naomisi Ueda (hər ikisi "Kaşima"), Vataru Endo ("Urava"), Maya Yoşida ("Sauthempton", İngiltərə), Hiroki Sakai ("Marsel", Fransa);
Yarımmüdafiəçilər: Makoto Hasebe ("Ayntraxt", Almaniya), Sindzi Kaqava ("Borussiya" D, Almaniya), Qaku Sibasaki ("Xetafe", İspaniya), Riota Osima ("Kavasaki"), Hotaru Yamaquçi ("Serezo Osaka"), Keysuke Honda ("Paçeko", Meksika), Qenki Xaraquçi ("Düsseldorf", Almaniya), Takaşi İnui (“Eybar", İspaniya), Takaşi Usami ("Düsseldorf", Almaniya);
Hücumçular: Sindzi Okadzaki ("Lester", İngiltərə), Yoşinori Muto ("Maynts", Almaniya), Yuya Osako (“Köln”, Almaniya).
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır