"Araz-Naxçıvan" Misli Premyer Liqasının 11-ci turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Oyunla bağlı çox danışmaq istəmirəm. Bu gün elə gündür ki, ölkə olaraq qələbə qazanmışıq. Bunun qarşılığında bizim qazandığımız nəticə çox da önəmli deyil. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Matça gəldikdə isə ağır oyun alındı. Komanda olaraq oyuna yaxşı girmədik. Çoxsaylı top itkilərinə yol verirdik. Rəqib bundan istifadə edirdi. Yenə də şükürlər olsun ki, qələbə qazandıq və liderlər qrupundan geri qalmadıq.
- Əsas heyətin bir çox üzvlərinə bu gün şans vermədiz. Bu, nə ilə bağlı idi?
- Builki heyətimiz genişdir. Bütün oyunçulardan istifadə etmək fikrindəyik.
- Qapıda Tərlan Əhmədliyə şans vermişdiz. “Karvan-Yevlax”ı zəif hesab edirdiniz?
- Xeyr. Tərlan Əhmədli bir neçə tur öncə də oynamışdı. Avram isə son dönəmlərdə çox qol buraxdığı üçün özünəinam azalmışdı. Tərlan bəyəndiyim qapıçıdır. Bizdə əsas heyət anlayışı yoxdur. Oyuna bir heyətlə başlasaq da, gedişatda əvəzetmələr olur. Oyunçular bilir ki, kiminsə əsas heyətdə yeri həmişəlik deyil.
- Rəqibin vaxt aparması sizi əsəbiləşdirirdi?
- Normal haldır. İstəyirik ki, oyunun ritmi düşməsin. Futbolçular 2-3 dəqiqə temp yaradır, sonra oyun düşür. Buna görə narazılığım var idi. Düşünürəm ki, komanda şəklində daha da artırmalıyıq.