Elvin Cəfərquliyev: “Növbəti matçlarda da qələbə üçün meydana çıxacağıq”
02.10.2025 - 02:01
Elvin Cəfərquliyev: “Növbəti matçlarda da qələbə üçün meydana çıxacağıq”

“Qələbəyə görə çox sevincliyəm. Azarkeşlərə təşəkkürümü bildirirəm, bizə olan inamlarını ən gözəl şəkildə göstərdilər”.

Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ” - "Kopenhagen" matçının (2:0) ən yaxşısı seçilən Elvin Cəfərquliyev deyib.

24 yaşlı futbolçu aldığı mükafat barədə də danışıb: “Mənə verilən "oyunun ən yaxşısı" mükafatını elə yerdə saxlayacağam ki, hər zaman gözümün önündə olsun, bəlkə o zaman rahat yata bildim. Oyun bizim üçün çox çətin keçdi, bunu bilirdik. Rəqibi analiz etmişdik, son görüşlərinə nəzər salmışdıq. Çempionlar Liqasında zəif rəqib yoxdur, bunu yaxşı başa düşürük. Şükürlər olsun ki, bu matçı da azarkeşlərimizin qarşısında qələbə ilə başa vurduq. Özümüzə inanırıq, amma bununla kifayətlənmək olmaz”.

Cəfərquliyev növbəti qarşılaşmalardan da ümidli olduqlarını bildirib: “Gələn matçlarda da qələbə qazanaraq həm sizi, həm də azarkeşləri sevindirməyə çalışacağıq. Bilirik ki, hər rəqib güclüdür, ona görə də hər birini ayrıca analiz edəcəyik. İnşallah, uğur qazanarıq. Bizim istəyimiz sadəcə meydana çıxıb qələbə əldə etməkdir. Son nəticəni isə yalnız Allah bilir. Ümid edirəm ki, yaxşı olacaq”.