
Misli Premyer Liqasının XXXIII turunun "Şamaxı" - "Səbail" matçından (1:1) sonra qonaqların baş məşqçisi Elvin Məmmədovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
“Bilirdik ki, bizi ağır oyun gözləyir. Şamaxı hər komanda üçün çətin səfərdir. Ayxan Abbasovun həmişə döyüşkən komandası olur. Birinci hissədə oyuna tam köklənə bilmədik. Amma ikinci yarıda yaxşı mübarizə aparıb qol vurduq. Qollar da vura bilərdik. Qarşıdakı 3 oyuna hazırlaşacağıq".
- Epizodları dəyərləndirə bilməməyi nə ilə əlaqələndirirsiz?
- Ustalıq səviyyəsi də ola bilər, şanssızlıq da. İdman xoşbəxtliyi də olmalıdır. Uşaqlar həqiqətən də mübarizə apardılar. Keçmiş qaldı keçmişdə. Qaytara bilmərik.
- Rüfət Abdullazadənin əvəzlənməsinin səbəbi nə idi?
- Ağrıları oldu deyə özü istədi.
- 1 xala sevindiniz, yoxsa itirilən 2 xala məyus oldunuz?
- Məşqçiliyə yeni başlamışam. Böyük danışmaq istəmirəm. Amma reallığa baxsaq, həm "Araz-Naxçıvan"la, həm də Şamaxı" ilə oyunda 2 xal itirdik. Əlbəttə ki, məyus oluruq.