“Çox yaxşı oynadığımızı düşünürəm. Baş məşqçimizin verdiyi tapşırıqları meydanda yerinə yetirməyə çalışdıq”.
Bu sözləri "Apasport"a açıqlamasında "Zirə"nin futbolçusu Eren Aydın deyib.
O, UEFA Konfrans Liqasının "Torpedo" ilə matçını (3:0) dəyərləndirib:
“Onları 15 gündür izləyirdik. Təlim-məşq toplanışında olarkən də oyunlarına baxmışdıq. Onlar hazırda çempionatda çıxış etdikləri üçün bizdən daha hazır idilər. Amma oyun taktikasına sadiq qaldıq, yaxşı mübarizə apardıq, yaxşı pressinq etdik. Daha çox qol da vura bilərdik, imkanlarımız oldu. Əsas odur ki, qalib gəlməyi bacardıq. Qarşıda ikinci oyun var, hələ heç nə bitməyib”.
Futbolçu Azərbaycana uyğunlaşmaqda çətinlik çəkmədiyini söyləyib:
“Artıq tam adaptasiya olmuşam. Azərbaycan mənim üçün Türkiyə kimidir. Hamı türkcə danışa bilir, bu da mənim üçün çox rahatdır. Daha yaxşı olmaq istəyirəm. Çünki uzun müddət normal toplanış keçirməmişdim. Çıxış etdiyim komandalarda beynəlxalq oyunlara görə hazırlıq dövrlərini tam keçə bilmirdim. Bu il yaxşı toplamış keçirdiyimi düşünürəm. Öz adımdan daha yaxşı olacağını hiss edirəm”.
O, Azərbaycan millisindən dəvət alacağı halda buna isti yanaşacağını qeyd edib:
“İnşallah deyək. Nəticədə qardaş ölkəyik. Nə olacağı bilinməz. Təbii ki, ola bilər, buna isti baxaram”.
Futbolçu Türkiyə millisinin dünya çempionatındakı çıxışına da münasibət bildirib:
“Komandamızın dünya çempionatı üçün bir az gənc və təcrübəsiz olduğunu düşünürəm. Futbolçuların hamısı klublarında yaxşı oyunçulardır. Amma mübarizə baxımından çatışmazlıqlar oldu. Edəcək bir şey yoxdur, xeyirlisi olsun. Baş məşqçinin seçimləri barədə danışmaq mənə düşməz”.