Faiq Hacıyev: "Turan Tovuz" kollektivinin mənim uğurumda böyük payı var"
06.10.2025 - 10:51
Faiq Hacıyev: "Turan Tovuz" kollektivinin mənim uğurumda böyük payı var"

Azərbaycan milli komandasına dəvət edilən "Turan Tovuz" un kapitanı Faiq Hacıyev Apasport.az saytına müsahibə verib. 

- Azərbaycan millisinə artıq ilk dəfə dəvət edildin. Hisslərin necədir? Bu dəvəti gözləyirdin?
- Əlbəttə ki, hər bir azərbaycanlı kimi, mən də milli komandanın formasını geyinmək istəyirdim. Dəvətə görə, çox sevincliyəm. Hələ ki nəsə etdiyimi düşünmürəm. Daha çox çalışıb, daha yaxşı Faiqi göstərəcəm. 

- Komandada stabil, daim oynayırsan, kapitan sarğısını da daşıyırsan. Yəqin ki, komandanın lider olması da milliyə gedən yolunu açdı?
- Kurban müəllimə təşəkkür edirəm. Mənə güvənərək, kapitanlıq sarğısını verdi. Mən də onun güvənini itirməməyə çalışıram. Düşünürəm ki, bəli, bunun da mənə çox köməyi oldu. 

- Azərbaycan millisinin heyətini görmüsən yəqin. Səncə, millidə daimi qalmaq, oynamaq ehtimalın var? Gözləyirsən ki, oynayacaqsan millidə?
- İstəyim də odur. Millinin daimi üzvlərindən olmaq istəyirəm. Amma bunu zaman göstərəcək. Mən üzərimə düşəni edəcəm. 

- Yəqin ki, Kurban Berdiyev və kollektiv səni artıq təbrik edib?
- Bəli, hər kəs məni təbrik edib. Bütün komanda yoldaşlarımın, Kurban Berdiyevin, "Turan Tovuz" kollektivinin mənim bu uğurumda əziyyəti var. Hamısına təşəkkürümü bildirirəm. 

- Azərbaycan millisini qarşıda Fransa və Ukrayna ilə oyunlar gözləyir. Bu matçlar haqda fikrin necədir?
- Bizi çətin oyunlar gözləyir. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Komanda olaraq, sona qədər mübarizə aparacağıq. 

- Ayxan Abbasovla "Turan Tovuz"da işləmisən. Nə istədiyini bilirsən yəqin, ona bələdsən. Bu da sənin üçün yaxşıdır?
- Ayxan müəllimə təşəkkür edirəm. Mənə güvənib, milliyə dəvət etdi. Əlbəttə ki, siz deyən məqam da yaxşıdır. Daha tez uyğunlaşmağıma şərait yaradacaq. Ən yaxşısını edəcəm.