
“Neftçi”nin sabiq futbolçusu, Şimali Makedoniya millisinin veteran kapitanı İqor Mitreski Apasport.az saytına müsahibə verib.
- “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya” ilə qarşılaşacaq. Ümumiyyətlə, “Şkendiya”nın FKSB səddini keçməsi özün üçün gözlənilməz oldu?
- "Şkendiya" çox ciddi klubdur. Üstəlik, çox güclü sponsorları var. Yaxşı baş məşqçiyə sahibdirlər. Futbolçu seçimlərini də yaxşı ediblər. Bu mənada, onlar layiqli şəkildə 3-cü mərhələyə adladılar. FKSB-ni evdə və səfərdə uddular. Bunların hamısını da layiqli şəkildə etdilər. "Şkendiya"nı uzun illərdir ki, tanıyıram. Onlar yaxşı təşkilatlanmış klubdur. Məncə, FKSB “Şkendiya”nı lazımi səviyyədə qiymətləndirmədi. Rumıniya klubunun rəhbərliyi, futbolçuları və ümumiyyətlə, ölkə ictimaiyyəti rəqibə lazımi hörməti göstərmədi. Nəticədə isə bu cür gözlənilməz nəticə ortaya çıxdı. “Şkendiya” tam layiqli şəkildə turnirin 3-cü mərhələsinə yüksəldi.
- Səncə, “Şkendiya” “Qarabağ” üçün ağır rəqibdir?
- İndi futbol elədir ki, hamı futbol oynamağı bacarır, uğur üçün çalışır. "Qarabağ" mənim üçün bugünkü gündə favoritdir. Ancaq "Şkendiya" da təslim olmamağa çalışacağıq. Fikrimcə, "Şkendiya" Skopyedə də, Bakıda da yaxşı oyun göstərəcək, sona qədər mübarizə aparacaq.
- İlk görüşün Skopyedə keçirilməsi “Şkendiya” üçün üstünlükdür? “Qarabağ” səfərdə qələbə qazana bilməsə, Bakıda işi çətin ola bilər?
- Çempionlar Liqasında da oynamışam, təcrübəm var. İlk oyun Skopyedədədir. Burada hər şey ola bilər. Hər halda, hansı komandanın mərhələ adlayacağı isə Bakıdakı oyunda aydınlaşacaq. "Qarabağ" hər il avorkuboklarda oynayır. Fikrimcə, cütün taleyinə Bakıda aydınlıq gələcək. "Şkendiya" da "Qarabağ"a hörmətlə yanaşır.
- “Şkendiya”nın mənfi və ya müsbət tərəfləri hansılardır?
- "Şkendiya" daim hücum futboluna üstünlük verən komandadır. Yerli və legioner heyəti kifayət qədər keyfiyyətlidir, xüsusilə də legionerləri səviyyəli futbolçulardır. Komanda əsasən açıq və baxımlı oyun sərgiləyir. Fikrimcə, Skopyedə də “Qarabağ”a qarşı öz oyun üslubundan imtina etməyəcəklər. Eyni yanaşmanı Bakıda da görəcəyik. Lakin düşünürəm ki, cütün taleyi məhz Bakıdakı qarşılaşmada həll olunacaq. “Şkendiya”nın zəif və güclü tərəflərinə gəldikdə isə, müdafiədə bəzi problemləri mövcuddur. Bununla belə, hücumda olduqca təhlükəlidirlər. Hücumları səliqəli və sistemlidir, əks-hücumlarda da sürətli və effektiv oynayırlar.
- Şimali Makedoniyada insanlar nə düşünürlər, “Şkendiya” “Qarabağ”ı keçəcək?
- Əvvəllər "Vardar" var idi, "Rabotniçki" ötən mövsüm pis oynamadı. Bu dəfə çempion "Şkendiya"dır və onlar avrokuboklarda pis çıxış etmir. İnsanlar "Şkendiya"dan FKSB ilə görüşdə də xüsusi nəsə gözləmirdi. Amma "Şkendiya" mərhələ keçdi. İndi də "Qarabağ"la görüş gəlir. Hər halda, "Şkendiya" Skopyedə erkən qol vurmaq istəyəcək. Necə olacağını görəcəyik. Əminəm ki, hər iki görüş maraqlı olacaq. Fikrimcə, bugünkü gündə mənim üçün "Qarabağ" "Şkendiya" ilə görüşlərin favoritidir.