İslandiya soyuğunda isti qardaş obrazı: Kamran Ağayev
03.09.2025 - 12:04
İslandiya soyuğunda isti qardaş obrazı: Kamran Ağayev

Futbol üzrə milli komandamız Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində ilk matçına çıxacaq. Artıq bizim uşaqlar sentyabrın 5-ində keçiriləcək oyun üçün İslandiyaya gəliblər. Elə mən və bir neçə həmkarım da 'Misli'nin dəstəyilə uzaq, yaşıl adaya qədəm qoymuşuq. Tərcümədə adı buzlar ölkəsi olsa da, həqiqətdə Vaqif Səmədoğlunun bu ifadəsi tam yerinə düşür.

Ayın 2-si, yəni dünən Bakıdan İslandiyaya çarter reysi ilə yola düşdük. Təxminən 8 saat davam edən səyahətdə milli üzvlərini, ab-havanı, təyyarədəki hər kəsi müşahidə etmək üçün hamının yetəri qədər vaxtı oldu. Təbii ki, bu vaxtı yatmağa, söhbətləşməyə də xərcləyənlər az deyildi. 

Millinin daha əvvəlki oyunlarında da komandayla birlikdə səfərə çıxmaq şansım olub. Keçən il Slovakiyaya gedəndə ən diqqətimi çəkən şey baş məşqçi Fernandu Santuşun uçuş zamanı futbolçularla bir-bir maraqlanmağı, davamlı kontaktda olmağı, söhbətləşib, zarafatlaşmağı olmuşdu. Hətta sırf bu barədə yazı da yazmışdım. 

Sizi bilmirəm, amma mənim üçün futbolun, futbolda uğurun 50 faizi ab-hava, psixologiya, atmosferdir. Bunu yaradan adam isə baş tacıdır. Budəfəki müşahidəmin, yazımın əsas qəhrəmanı portuqaliyalı mütəxəssis yox, milli komandanın qapıçılar üzrə məşqçisi Kamran Ağayevdir. 

Şübhəsiz, müstəqillik tariximizin ən yaxşı qapıçısı olan Kamran, indi özündən də yaxşı qapıçılar yetişdirmək niyyətindədir, bununla məşğuldur. Mənim fikrimcə, Ağayevin boynuna götürdüyü daha vacib missiya isə komanda daxilində birləşdirici güc, ab-havanı pikdə saxlayan obraz olmasıdır. 

Hələ aktiv futbolçuluq vaxtından orijinallığı, mehribanlığı ilə seçilən Ağayev, məşqçi kimi də hamının sevimlisi olaraq qalıb. 

Adam davamlı hamıyla kontaktda, futbolçularla şirin ünsiyyətdədir. Uşaqlar da öz növbəsində Kamranı sevir, sayır və onunla dialoqdan zövq alırlar. Öz növbəsində təyyarədə çalışan işçilərin, stüardların da ən favorit sərnişini məhz Kamrandır. Hər kəs onun səmimiliyinə bələddir və rədd etməyəcəyindən əmin olub davamlı onunla şəkil çəkdirmək istəyirlər.

Əvvəlki səfərlərdə Santuş buna nə qədər cəhd etsə də, öz təbiiliyimizin yerini sözsüz ki, verə bilməzdi. Bu obraz isə Kamranın tam əyninədir, ona çox yaraşır və öhdəsindən əla gəlir. 

Həmişə yığma komandada milli ruh olmalıdır deyirik. Bəli, mütləq olmalıdır. Milli ruhu isə adıyla, qanıyla, canıyla bu vətənə aid olan adamlar yaratmalıdır. Milli düşərgədə işin yarısı əhval-ruhiyyədir. Ümid edirik ki, qalan 50 faizi də texniki heyətimiz düşünüb, həll edəcək və uzaq, yaşıl adadan xal və ya xallar alaraq vətənə qayıdacağıq. 

Rasim Sultanzadə, Reykyavik şəhəri, 3 sentyabr, yerli vaxtla saat 07:11