
Misli Premyer Liqasının VI turunun "İmişli" - "Zirə" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Oyun gözlədiyimiz kimi çox çətin keçdi. Meydanın bu vəziyyətdə olması çətinliyi daha da artırmışdı. “Zirə” çempionatın ən güclü komandalarından biridir, çempionluğa oynayan komandadır. Çox çətin oyun oldu. Buna baxmayaraq, uşaqlar özlərini itirmədilər, layiqli mübarizə apara bildilər. Birinci hissədə vurulan qol bizim üçün çox vacib idi. Buna görə ikinci yarıya daha rahat başladıq. “Zirə”nin yüksək keyfiyyətli oyunçularının olduğunu bilirdik. Xüsusən də yarımmüdafiə və hücum xəttində. İkinci hissədə onların təhlükəli hücumlarının qarşısını almağa hazır idik. Meydanın mərkəzindən hücum qura bilmirdilər. Ona görə də daha çox cinahlardan cərimə meydançamıza uzun ötürmələr verirdilər. Bu hücumların nəticəsində 1 qol buraxdıq. Belə komanda ilə oyunda heç-heçə bizim üçün pozitiv nəticədir".
- "Turan Tovuz"la oyunda son dəqiqələrdə qol buraxdız, bu gün "Zirə" ilə heç-heçə etdiz. Sizcə, "Qarabağ"ı məğlub etmək mümkündür?
- Əlbəttə ki, mümkündür. Top yumrudur. Bu, futboldur. Kiminsə bəxti daha çox gətirə bilər. Əgər "Qarabağ"ın pis günü, bizim isə yaxşı günümüzdürsə, mümkündür. Əksi də ola bilər. Nəzərə almaq lazımdır ki, "Qarabağ" çempionatın ən güclü komandasıdır.
- Qol buraxdığınız epizodu necə şərh edərdiniz?
- Meydançanın vəziyyətinə və yağış yağdığına görə ola bilər. Elə epizodlarda top oyunçulara dəyib kənara düşə bilər. Bizim vurduğumuz qolda da meydança amilinin təsiri var idi.
- Qapıçı Andrey Sinenka inamlı çıxış edir. Bu gün ilk qolu buraxdı. Qışda onu itirəcəyinizdən qorxmursuz?
- Əlbəttə ki, hər şey mümkündür. Amma çalışacağıq ki, onu saxlayaq. Fantastik qapıçıdır. Məşqlərdə özünü yaxşı göstərir, komandada onu öz yeri var. Gördüyünüz kimi oyunlarda da inamlıdır. Əgər ona təkliflər olsa, biz işimizi davam etdirəcəyik. Bizim başqa oyunçularımız da var.
- Demək olar ki, Azərbaycan Premyer Liqasında uğur qazanmağın sirri fikizi hazırlığın yaxşı olmasıdır?
- Fiziki, fərdi və taktiki keyfiyyətlər vacibdir. Komandada taktiki intizamın olması vacibdir. Əlbəttə ki, "İmişli" fiziki cəhətdən güclü olduğunu göstərir. Məşqlərimiz çox sərt keçir. Amma çox qaçmaq futbol deyil. Əsas odur ki, komanda taktiki cəhətdən intizamlı oynasın.
- Hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədir?
- Yenə də VAR-ın işindən narazıyam. Rəqibin oyunçusu bizim futbolçuya qarşı sərt oynamışdı. Buna baxmayaraq, VAR müdaxilə etmədi. Bu oyundan üç xalla ayrılmaq istəyirdik. Amma “Zirə” kimi komanda ilə matçda bir xal da bizim üçün pozitiv nəticədir.