
Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz evdə Ukrayna ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, yığmamızın hücumçusu Mahir Emreli qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:
"İslandiya məğlubiyyəti? Belə məğlubiyyət hər futbolçuya təsir edir. Sonrakı oyunun hazırlıq prosesinə mane olur. Amma futbolda bu cür hallar baş verir. Dünənki oyunların nəticələrini də gördünüz. Qısa müddətdə 2-3 oyun keçirmək psixoloji cəhətdən asan deyil, amma tez bərpa olunmaq lazımdır".
- Santuş getdi, problem bitdi?
- Futbolda yalnız fərdi səhvlər və fərdi problemlər olmur. Hər kəs məsuliyyəti qəbul etməlidir. Tərifi də, tənqidi də qəbul etmək lazımdır. Düşünürəm ki, idmanda pis zamanlar olur. Biz də bir neçə matçdır istədiyimiz nəticələri qazana bilmirik. Bu isə futbolçuların üzərində təzyiq yaradır. Uşaqlar həm nəticə qazanmaq, həm də bu təzyiqlə mübarizə aparmaq məcburiyyətindədirlər. Hər işdə belədir. Fikrimcə, az da olsa yaxşı nəticə əldə etsək, bu, təzyiqi azaldar və komanda yoldaşlarım bir qədər də rahatlaşa bilərlər.
- Sabah üçün “bir az yaxşı nəticə” deyəndə nəyi nəzərdə tutursunuz?
- Uduzmaq var, uduzmaq var. İslandiyaya uduzmaq başqa məsələdir… Millidə oynadığım müddətdə yalnız iki dəfə belə halla rastlaşmışam: İsveç və İslandiya ilə səfər oyunlarında. Həmin matçlarda heç bir oyun göstərə bilməmişdik. Məsələn, Macarıstanla Bakıda yaxşı mübarizə apardıq, amma sonda uduzduq. Bu, rəqibin ustalığı və keyfiyyətindən irəli gəlirdi, başadüşüləndir. Ən azından yaxşı futbol göstərib, azarkeşlərə və siz media nümayəndələrinə xoş əhval-ruhiyyə bəxş etməyə çalışacağıq. Bir var oynayıb uduzmaq, bir də var oyuna başlamamış uduzmaq. İkinci hal qəbuledilməzdir.