Məşqçi-müəllimlər üçün təlim keçirilib
08.09.2025 - 20:22
Məşqçi-müəllimlər üçün təlim keçirilib

UEFA-nın dəstəyi ilə AFFA tərəfindən həyata keçirilən “Məktəblərdə Bərabərlik və Müxtəliflik” layihəsi çərçivəsində AFFA-nın Reabilitasiya Mərkəzində təlim keçirilib.

Apasport.az xəbər verir ki, Bakıda inklüziv təhsil proqramı tətbiq olunan 10 məktəbdən gələn 20 fiziki tərbiyə məşqçi-müəllimlər üçün təşkil olunan təlim layihənin sosial inklüzivlik məqsədlərinə uyğun olaraq nəzəri və praktiki hissələrdən ibarət olub. Tədbirin açılışını AFFA-nın Sosial və Ətraf Mühit dayanıqlı layihələr üzrə meneceri Kifayət Mustafayeva edib. O, layihənin Azərbaycan məktəblərində futbol vasitəsilə sosial inklüzivliyi və müxtəlifliyi təşviq etmək məqsədi daşıdığını deyib. K.Mustafayeva həmçinin UEFA-nın sosial davamlılıq prinsipləri və AFFA-nın gənclərlə iş strategiyası ilə layihənin tam uyğunluğunu qeyd edib.

Təlim layihə mentoru Gülyana Özcan, Azərbaycan Autizm Assosiasiyasının idman direktoru, psixoloq-reabilitoloq İlham Osmanlı, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarovanın iştirakı ilə keçirilib. Nəzəri hissədə inklüzivliyin əsas prinsipləri haqqında geniş məlumat verilib. Praktiki hissədə isə müəllimlər futbolun təməl texnikaları (ötürmə vermə, driblinq, top qəbulu, zərbə vurma) üzrə inklüziv məşq planlarını tətbiq ediblər. Məşqlər fiziki məhdudiyyətlərə uyğunlaşdırılmış qaydalarla keçirilib. Əsas məqsəd müəllim və məşqçilərin inklüziv təhsil bacarıqlarını artırmaq, onları fərqli ehtiyaclara malik uşaqlarla effektiv işləməyə hazırlamaqdır. Bu, layihənin ümumi hədəfinə – məktəblərdə futbol vasitəsilə sosial inteqrasiyanı gücləndirməyə xidmət edir.

Sonda müəllimlərə AFFA tərəfindən diplomlar təqdim olunub.

Layihə 2025/2026-cı illər müddətində davam edəcək və Bakının 10 inklüziv məktəbində 100-200 şagirdin iştirakı ilə həyata keçiriləcək.