
Azərbaycan milli komandasının veteran forvardı Nadir Nəbiyev Apasport.az saytına müsahibə verib.
- Azərbaycan milli komandası İslandiya önünə çıxacaq. Necə düşünürsünüz, yığmamız bu görüşdə uğurlu nəticəyə ümid edə bilər?
- Millimiz səfərdə çətin oyuna çıxacaq. Komandamıza uğurlar arzulayıram. İslandiya millisi evdə daha inamlı oynayır. Bunu hamımız bilirik. Təbii ki, Reykyavikdə bir xal qazansaq, yaxşı nəticə olar.
- Fernandu Santuşun milli üçün futbolçu seçimləri də hər dəfə, xüsusən də bu dəfə müzakirə edildi. Bu mövsüm yerlilər arasında daha çox oynayan Mehdi Cənnətovu dəvət etmədi, Xorvatiya liqasında çıxış edən Rüfət Abdullazadəyə dəvət göndərmədi. Səncə seçimlər ədalətli aparıldı?
- Dəvət olunan bir neçə futbolçunun adını çəkə bilərik ki, çıxış etdiyi komandanın əsas heyətində çıxış etmir. Bu məqam millinin oyununa müəyyən mənada təsir edə bilər. Hər dəfə millinin heyəti açıqlandıqda bir neçə futbolçu müzakirə olunur. İstər dəvət olunan, istərsə də dəvət olunmayanlar. Bu da tam normaldı. Belə baxanda məşqçini də qınamaq olmur. Çünki onun da çox seçim imkanı yoxdur. Çempionat yeni başlayıb, yəqin ki, növbəti oyunlarda dəyişiklik görəcəyik.
- Sizcə, bu tsikl Fernandu Santuş üçün sonuncu sınaq və şans ola bilər? Yoxsa, istənilən halda ona güvənməyə davam etmək lazımdır? Yəqin ki, artıq Santuş millidə nəticə verməlidir?
- Hansı məşqçinin olmasından asılı olmayaraq millnin uğurlu olmasını istəyirik. Məncə, Santuş təcrübəli, həm də yaxşı məşqçidir. Amma millimizdə bu vaxta kimi istənilən nəticəni görə bilmirik. Ümid edirəm yığmamız uğurlu nəticələr əldə edər, sonra da məşqçi haqqında düzgün qərar verilər.
- Milli İslandiya və Ukrayna ilə ümumi iki matçdan neçə xal toplaya bilər və neçə xal yığsa, qənaətbəxşdir?
- İndiki halda qazandığımız hər bir xalı uğur saya bilərik. Çətin qrupda olsaq da, ümid edirəm ki, sonda nəticə gözlədiyimizdən yaxşı olar.
- Siz özünüz də hücumçu olmusuz. Hazırda milli komandanın hücum xəttinin keyfiyyətini və durumunu necə dəyərləndirirsiz? Mahir Emreli (“Kayzerslautern”, Almaniya), Nəriman Axundzadə (“Qarabağ”), Renat Dadaşov (“Motor”, Polşa), Musa Qurbanlı (“Qarabağ”), Xəyal Əliyev (“Sabah”) haqda fikriniz necədir?
- Mahir zədəsinə görə son oyunda komandasına kömək edə bilmədi. Əgər oynamasa, milli üçün itki olacaq. Dəvət olunan hücumçuların arasında məncə Nəriman daha optimal formadadır. Musa da yaxşı təsir bağışlayır. Son oyunlara baxanda, məhsuldarlığın aşağı oldugunu görürük. İnanıram ki, hücumçularımız qol vurub millimizə qələbə qazandırar.
- "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə gedib çıxması milliyə, digər futbolçulara da təkan, motivasiya və ya inam verə bilər?
- “Qarabağ”ın uğurlu çıxışı Azərbaycan futbolunun inkişafına təkan verir. Ağdam təmsilçisi uzun illərdi Avropada uğurlu çıxış edir. Ancaq millinin nəticəsinə hər hansı təsirini mən görməmişəm. Olsa da, “Qarabağ”ın millidə yer alan futbolçularına motivasiya olar.