
"Fransa ilə matçda yaxşı oyun deyil, əzmkar mübarizə aparmaq lazım idi. Bunu da hakimin final fitinə qədər görə bildik. Futbolda gözləmədiyimiz nəticələr çox olub. Amma mən Fransadan bugünkü gündə xal alacağımıza inanmırdım. Yoxsa, Ayxan müəllim çox yaxşı taktika seçmişdi. Fransa millisinə qarşı başqa cür oynamaq ağır nəticəyə gətirib çıxara bilərdi".
Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın sabiq forvardı Nadir Nəbiyev deyib. O, yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsində Fransaya (3:0) qarşı oyununu şərh edib. Bununla yanaşı, bu gün Ukraynaya qarşı keçiriləcək matçdan gözləntilərini açıqlayıb:
"Bakıda Ukrayna millisi ilə oyunda vuruşaraq bir xal qazandıq. Rəqib bu oyuna daha ciddi hazırlaşıb qələbə qazanmaq istəyəcək. Qısa vaxt ərzində iki güclü rəqiblə səfərdə oynamaq çətinlik yarada bilər. Ümid edirəm ən azı bir xal qazana bilərik. Fernandu Santuşun vaxtında millidə əzmkarlıq çatmırdı. Lakin bugün bunun əksini görürük. Qısa müddətdə çox şeyi dəyişmək çətindi. İnanıram ki növbəti oyunlarda Ayxan müəllimlə daha yaxşı milli komanda görə biləcəyik".