Patrik Andrade: "Qara Qarayev bura gəlməyi məsləhət bildi"
28.06.2025 - 14:52
Patrik Andrade: "Qara Qarayev bura gəlməyi məsləhət bildi"

“İlk növbədə mənə təklif göndərdiyinə və heyətində görmək istədiyinə görə “Araz-Naxçıvan”a təşəkkür edirəm. Bu komanda UEFA Konfrans Liqasında iştirak edəcək və rəhbərlik güclü heyət qurmağa çalışır”.

Apasport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yeni transferi Patrik Andrade deyib.

Artıq Bakıya gələn Kabo-Verde millisinin futbolçusu bu gün komandanın səhər məşqində iştirak edib. Sabiq “Qarabağ”lı klubun mətbuat xidmətinə keçidinə münasibət bildirib: “Həm mənim, həm də komandam üçün də yaxşı keçid olduğunu düşünürəm. “Araz-Naxçıvan”a bələdəm. Onlarla rəqib kimi qarşılaşmışıq”.

O, seçim edərkən dostunun məsləhətinə üstünlük verdiyini də dilə gətirib: “Araz-Naxçıvan”dan təklif gələn zaman vaxtilə bir klubda oynadığımız, hazırda da dostluq münasibətimiz olan Qara Qarayevlə danışdım. Klubla bağlı məlumatlı olsam da, ondan da bəzi suallarıma cavab aldım. Dostum bura gəlməyi məsləhət bildi. Yenə deyirəm, qarşıda bizi çətin Konfrans Liqası oyunları və gərgin çempionat matçları gözləyir. Deməli, birgə bu oyunlarda uğur qazanmalıyıq”.

Yarımmüdafiəçi Konfrans Liqasındakı rəqiblə bağlı da fikir bildirib: “Mövsümə “Aris”lə oyunlarla başlayacağıq. Hazırlaşmaq, işləmək üçün zamanımız var. Əlbəttə, bizi çətin oyunlar gözləyir. Maraqlı qarşılaşmalar olacaq. Yaxşı hazırlaşmaq üçün çox çalışmalıyıq. Gündən-günə daha yaxşı olacağıq və hər birimiz mərhələ keçməyə köklənməliyik”.

Qeyd edək ki, Andrade “Araz Naxçıvan”la 1 illik müqavilə imzalayıb.