UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo” (Kiyev) qarşılaşmasının biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün biletlərini azarkeşlər bu gün saat 12:00-dan etibarən əldə edə bilərlər.
Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN təşkil edir. VIP sektorlar üçün qiymətlər 50, 75 və 100 AZN, VVIP sektorlar üçün isə 150 AZN müəyyənləşdirilib.
VVIP sektoruna bilet alan azarkeşlərə həmin zonada çay süfrəsi təqdim olunacaq.
Bildirilib ki, biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə almaq mümkündür. Onlayn alış zamanı çətinlik yaranacağı halda azarkeşlər iTicket.az satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, “Qarabağ” - “Dinamo” (Kiyev) qarşılaşması saat 20:00-da başlayacaq.