Azərbaycanın II Liqa təmsilçisi “Qaradağ Lökbatan” bu gün I Liqanı turnir cədvəlinin 9-cu pilləsində tamamlayan “Şimal”la pley-off matçında üz-üzə gəlib.
Apasport.az xəbər verir ki, matçdan sonra Lökbatan təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasovun mətbuat konfransı keçirilib:
“Rəqibi təbrik edirəm. Oyuna yaxşı başlamışdıq. Rəqibi yaxşı təhlil etmişdik. İlk hissədə yaxşı çıxış etdik. Təkcə qol çatışmırdı. İkinci hissədə qol vurduq. Daha sonra uşaqlarda həyəcan yarandı, qol buraxdıq. 1-ci liqa komandasına qarşı çıxış edirdik. Liqalar arasında da fərq var. Onlar mövsümboyu ağır oyunlar keçiriblər. Hissənin son dəqiqələrində oyunçularda fiziki yorğunluq hiss olunurdu.
Rəqib ikinci qolu elə bir vaxtda vurdu ki, vaxtımız da çatmadı oyunçuları toparlayaq. Mən bu kluba gələndə məqsədimiz komandanı Birinci Liqaya çıxarmaq idi. Əlimizdən gələni etdik, təəssüf ki, bacarmadıq. Bundan sonra necə olacağını bilmirəm. Sırf mənim missiyam komandanı 1-ci liqaya çıxartmaq idi.
Sabir Allahquliyevin artıq çəkisi var. Ona görə də oyunun əvvəlindən buraxmadıq. Sona 10 dəqiqə qalmış buraxdıq ki, qabaqda top saxlasın. Onun bizim komandaya çox köməyi dəyib. Təcrübəli futbolçudur. Digər tərəfdən ona görə o futbolçunu buraxdıq ki, irəlidə top saxlasın. Sadəcə sonradan gördük ki, vaxt qalmayıb. Birinci olaraq məqsədimiz komandanı 1-ci liqaya yüksəltmək idi. Mən o etimadı doğrultmadım. Necə olacağını bilmirəm. Şəxsən mənim üçün bu komanda ilə işim bitib. Desələr ki, gəl komandanı çalışdır, ondan sonra oturub danışmaq olar”.
Qeyd edək ki, “Qaradağ Lökbatan” növbət mövsümdə də çıxışını II Liqada davam etdirəcək.